Fövqəladə Hallar Nazirliyi Kür çayının deltasına 3 torpaqsoran gəmi gətirib - FOTOSESSİYA

Fövqəladə Hallar Nazirliyi Kür çayının deltasına 3 torpaqsoran gəmi gətirib - <font color=red>FOTOSESSİYA</font>
# 13 aprel 2012 08:58 (UTC +04:00)
Neftçala. Əlibəy Zeynallı - APA. Kür çayına və çayın deltasına üç ədəd müasir torpaqsoran gəmi gətirilib. TS1, TS2 və TS3 markalı torpaqsoran gəmilərdən Kür çayında dibdərinləşdirmə işlərində istifadə olunacaq. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəisi Ağalar İbrahimov bildirib. İdarə rəisinin sözlərinə görə, FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin dibdərinləşdirmə idarəsi tərəfindən həyata keçirilən dibdərinləşdirmə işlərinin təşkili üçün Kür boyunca 3 baza tikilir. Dibdərinləşdirmə işlərinin əsas bazası isə Neftçala rayonunun II Qaralı kəndi ərazisində tikilir. Digər iki baza isə köməkçi bazalar olacaq. II Qaralı kəndidə 2,2 hektar ərazidə dibdərinləşdirmə işlərinin təşkili üçün ərazi ayrılıb. Bu baza yeni yaradılmış qurumun işini təmin edəcək. Ümumilikdə burada tam infrastruktur yaradılacaq, yataqxana, inzibati bina, anqarlar, anbarlar, təmir sexi, məişət binası və s. obyektlər tikiləcək.

A. İbrahimov deyib ki, bundan başqa, Sabirabad və Salyanda iki köməkçi baza tikilir. Bu bazalarda infrastruktur olmayacaq, lakin bəzi yüklərin birbaşa ora daşınması təmin olunacaq və kiçik təmir işləri həyata keçiriləcək. Hal-hazırda Neftçala rayonunun ərazisində çökdürmə hovuzlarının ətrafında bir ədəd torpaqsoran gəmi işçi vəziyyətə gətirilib.
Bir gəmi Kürün dənizə çıxışını təmin etməkdən ötrü orada gedən dayazlaşmanı qazaraq aradan qaldırır. İkinci gəmi əsas bazanın ərazisindədir. Üçüncü gəmi isə aprelin 13-dən Salyan ərazisinə aparılacaq.

FHN-in xidmət rəisi bildirib ki, əslində qeyd olunanlarla bağlı layihə işlərinə 2010-cu ildən başlanılıb. Əvvəlcə Kür çayında tədqiqat və təhlillər aparılıb. Bütün çay boyu 224 kilometr məsafədə dərinliklər yoxlanılıb və ən təhlükəli zonalar müəyyənləşdirilib. Həmin təhlükəli zonalarda çox dəqiq qazma işlərinin aparılmasından ötrü planlar və layihələr hazırlanıb.
Təhlillərdən sonra müəyyən olunub ki, çayın hansı hissələrində enlənmə, hansı hissələrdə dərinləşdirmə işləri aparmaq lazımdır. Qərara gəlinib kİ, Neftçala, Salyan və Sabirabad rayonlarının hər birində 10 kilometr ərazidə dərinləşmə və enlənmə işləri görülməlidir.

A.İbrahimov onu da deyib ki, torpaqsoran gəmilər müasir rəqəmsal texnologiyaya malikdirlər. Onun sözlərinə görə, bu gəmilərdə quraşdırılmış müasir elektron avadanlıqlar kompüter texnologiyası vasitəsi təhlil olunur, dərinliklər yoxlanılır, çayın morfologiyası öyrənilir, nəticədə hansı ərazinin daha mütəhərrik və təhlükəli olduğu müəyyən edilir. Bunun nəticəsində ərazilərdə hansı işlərin aparılmasının vacibliyi müəyyənləşdirilir. Bütün bunlar rəqəmlərin ifadəsi ilə proqram təminatı halına salınır. Bu proqram gəminin kompüter yaddaşına verilir və gəmi avtomatik olaraq bu işləri görür. İnsanlar isə sadəcə, gəmidə operator rolunu oynayırlar. Xidmət rəisi onu da qeyd edib ki, bu təhlilləri aparmadan kor-koranə işlər aparıla bilməzdi: “Artıq bu təhlillər başa çatıb. İndi isə real işlər aparılır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR