Yuva Humanitar Mərkəzi icma liderləri üçün təlimlər keçirir - FOTO

Yuva Humanitar Mərkəzi icma liderləri üçün təlimlər keçirir - <font color=red>FOTO</font>
# 30 oktyabr 2012 11:23 (UTC +04:00)
Bakı – APA. Yuva Humanitar Mərkəzi oktyabrın 24-də Bakıda “CAUCULT – Qafqaz Mədəni Təşəbbüslər Şəbəkəsi” layihəsi çərçivəsində “Mədəniyyət fəaliyyətinin idarə olunması” mövzusunda mədəniyyət üzrə icma liderləri üçün təlim kursuna start verib. Təşkilatdan APA-ya verilən məlumata görə, təlim kursunun məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan milli və mədəni qrupları təmsil edən icma liderlərinin mədəniyyət fəaliyyətini idarəetmə bacarıqlarının artırılması, mədəni müxtəlifliyin regional və milli səviyyədə təşviqində onların iştirakının təmin edilməsidir. Bu layihə Azərbaycanın bölgələrində yaşayan icma liderləri üçün mədəni və qeyri-formal təhsil proqramıdır.

Yerli və beynəlxalq təlimçilər tərəfindən aparılan təlimlərdə Bakı, Lənkəran, Masallı, Qax, Zaqatala, Qəbələ, İsmayıllı, Quba, Qusar rayonlarından olan icma fəalları iştirak edir. Litvadan gələn beynəlxalq təlimçi Evelina Taunyte bildirib ki, gənclərin öz yaşadıqları icmanın həyatında iştirakı çox önəmli faktordur. Xüsusilə kənd yerlərində bu proses həddindən artıq zəif nəzərə çarpır. Ona görə də bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da region gənclərinin mədəniyyət fəaliyyətlərinin idarə olunması istiqamətində bilik və bacarıqlarının artırılmasına ehtiyac var.

“Formal təhsil sistemində dar çərçivədə təhsil almış gənclərin rayon və kəndlərində yerli icmaların mədəni, sosial problemləri həll etmək imkanı yoxdur. Bu layihə çərçivəsində nəzərdə tutulan qeyri-formal təhsil proqramları gənclərin formal təhsildən kənar öyrənmə bacarıqlarına yiyələnməsinə şərait yaradır, onların özlərinə olan inamını artırır və öz icma mədəniyyətinin inkişafına yardım etməsinə kömək edir”, deyə layihə rəhbəri Pərvanə Məmmədova bildirib.

Təlim Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Azərbaycan Gənclər Fondunun və Avropa Birliyinin Şərq Tərəfdaşlığı üzrə Mədəniyyət Proqramının dəstəyi ilə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR