Sülhəddin Əkbər: “ACP-də də özümü ikinci şəxs sayıram” - MÜSAHİBƏ

Sülhəddin Əkbər: “ACP-də də özümü ikinci şəxs sayıram” - <font color=red>MÜSAHİBƏ</font>
# 08 iyun 2012 10:46 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbərin APA-ya müsahibəsi.

- Hazırda ACP-nin qərargahı varmı?

- Xeyr, hələ ki qərargahımız yoxdur.

- Siz ACP sədri olduqdan sonra partiyanın dövlət qeydiyyatına alınması ilə maraqlanmısınızmı?

- Qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə 2007-ci ilin aprelində müraciət olunub və rədd cavabı alınıb. Ondan sonra partiya tərəfindən hüquqi istiqamətdə hər hansı adım atılmayıb.

- ACP ilə İctimai Palata arasında hansısa münasibətlərin, əməkdaşlığın qurulması gözlənilirmi?

- Bunu zaman göstərəcək. Amma bizim İctimai Palatanın rəhbərliyində, yəni Koordinasiya Şurasında dostlarımız var. Biz onlarla görüşlər keçiririk. Artıq bu cür görüşlərə başlamışıq. Biz Azərbaycanda bütün demokratik qüvvələrin birliyi istiqamətində səy göstəririk. Yəqin ki, keçirilməsi planlaşdırılan demokratik qüvvələrin müşavirəsində öz konseptual baxışımızı ortaya qoyacağıq.

- Siz AXCP sədri Əli Kərimli ilə görüşmüsünüz. Bəs Müsavat Partiyasının başqanı İsa Qəmbərlə necə, görüşməyi planlaşdırırsınızmı? Belə bir görüş üçün müraciət etmisinizmi?

- Mənim belə bir niyyətim var, görüş baş tutarsa, mətbuata məlumat veriləcək.

- ACP lideri Rəsul Quliyev özü İctimai Palata ilə əməkdaşlıqda nə qədər maraqlı görünür?

- Biz ümumiyyətlə, demokratik qüvvələrin əməkdaşlığında maraqlıyıq. Sadəcə, söhbət burada əməkdaşlığın formalarından gedir. Biz ilk növbədə ACP-nin genişləndirilməsi, gücləndirilməsi istiqamətində səy göstərəcəyik. İkincisi, ACP-nin üzvü olduğu Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında fəaliyyətimizi davam etdirəcəyik. Üçüncüsü, biz öz strateji müttəfiqlərimizi müəyyən etmək üçün danışıqlar aparırıq. Dördüncüsü, biz ölkədəki bütün demokratik qüvvələrin birliyi istiqamətində səy göstərəcəyik. Yəni, bizim prioritetlərimiz bunlardır.

- Siz Müsavat Partiyasının Məclisinin sədri olarkən həmin partiyada ikinci şəxs statusunda idiniz. ACP-də də özünüzü ikinci sayırsınızmı?

- Təbii ki... Partiyanın lideri var.

- Müsavat Partiyasında ikinci şəxs olmaqla ACP-də ikinci şəxs olmağın fərqi nə qədərdir?

- Bu fərq Müsavat Partiyası ilə ACP arasındakı fərq qədərdir.

- Yəni, Müsavat Partiyası ACP-dən böyük partiyadır...

- Mən ACP-də sədr kimi daha sərbəst fəaliyyət göstərmək imkanına malikəm və öz inandığım siyasi strategiya istiqamətində burada daha rahat fəaliyyət göstərmək imkanlarım var. Mən Müsavat Partiyasından 2010-cu ilin noyabr ayında istefa vermişəm. Məncə, bu cür müqayisə yersizdir.

- Strategiya deyəndə, konkret hansı məsələləri nəzərdə tutursunuz?

- Konkret olaraq 2010-cu ildə istefa verərkən mən bunun səbəblərini bəyanatda göstərmişəm. Arxivi qaldırıb baxa bilərsiniz.

- Müsavat Partiyasından bir müddət öncə istefa vermiş şəxslərin ACP-yə gəlməsi üçün hansısa danışıq aparılırmı?

- Mən heç kimlə danışıq aparmıram. Amma dəfələrlə bəyan etmişəm ki, ACP-nin qapıları Azərbaycanın bütün vətəndaşlarının üzünə açıqdır. Biz, təbii ki, partiyanın genişlənməsində və güclənməsində maraqlıyıq. Amma bir şeyi də deyim ki, şəxsən mənim tərəfimdən nəinki Müsavat, heç bir partiyanın üzvləri ilə hər hansı danışıq aparılmır.

- 2013-cü il prezident seçkilərinə ACP öz namizədi ilə qatılacaq, yoxsa partiya başqa bir namizədi dəstəkləyəcək?

- Təbii ki, ACP-nin prezident seçkilərinə öz lideri ilə qatılmaq niyyəti var. Amma bunu gələcək göstərəcək. Bu gün bu məsələnin aktual olduğunu düşünmürəm. Çünki nə qədər ki, ölkədə demokratik şərait yoxdur, demokratik islahatlar aparılmayıb, kiminsə bu seçkidə iştirakından asılı olmayaraq, seçkinin nəticəsi öncədən bəllidir.

- Yəqin ki, ACP-nin sədri kimi partiyanın lideri Rəsul Quliyevin Azərbaycana gəlməsi üçün də fəaliyyət göstərəcəksiniz...

- Təbii ki, bu istiqamətdə fəaliyyət göstərəcəyik. Bu da təbii ki, ölkədə demokratik şəraitin yaranması ilə bağlı olan məsələdir. Necə ki ölkədə demokratik şərait yaranmayıb, siyasi azadlıqlar təmin olunmayıb, siyasi mühacirlər ölkəyə dönməyib, Rəsul bəyin də ölkəyə dönüşü problem olaraq qalacaq.

- Bəzi informasiya portallarının ACP ilə yaxınlığı hiss olunur. ACP-nin mediadan birbaşa dəstəyi nə qədərdir? Yaxud, belə bir dəstək varmı?

- Media ilə iş bizim əsas prioritetlərimizdən biridir. ACP-nin bu istiqamətdə müəyyən planları var. Bizim planlarımızın nə qədər gerçək olacağını zaman göstərəcək. Hələ ki biz dostlarımızdan – bütün demokratik mediadan dəstək gözləyirik. Eyni zamanda, özümüzün də informasiya siyasəti ilə bağlı müəyyən planlarımız var.

- Siz ACP-də rəsmi, yaxud qeyri-rəsmi qaydada maaş alırsınızmı?

- Hələlik xeyr. Hələ ki ümumiyyətlə, heç bir maliyyə məsələsi həll olunmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR