Əli Həsənov: “Beynəlxalq təşkilatlar indiyədək azərbaycanlı qaçqın və məcburi köçkünlərə 1 milyard dollar sərf edib”

Əli Həsənov: “Beynəlxalq təşkilatlar indiyədək azərbaycanlı qaçqın və məcburi köçkünlərə 1 milyard dollar sərf edib”
# 11 dekabr 2015 14:23 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ölkədə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar BMT-nin rezident əlaqələndiricisi Antonius Bruku qəbul edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Həsənov Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatlarının həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib. O qeyd edib ki, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən ümumilikdə indiyədək qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi üçün 1 milyard dollar vəsait sərf olunub. BMT-nin agentlikləri tərəfindən indiyədək Azərbaycanda humanitar və inkişaf layihələrinə 300 milyon dollar həcmində vəsait ayrılıb, ondan 110 milyon dollar BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin, 100 milyon dollar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin xətti ilə, qalan vəsait isə digər BMT agentlikləri tərəfindən müxtəlif humanitar və inkişaf layihələrinə sərf edilib.

Ə. Həsənov deyib ki, BMT agentlikləri 20 il ərzində ölkədə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar arasında ən nüfuzlu qurumlar olub və fəaliyyət müddəti ərzində bu təşkilat heç zaman öz Nizamnaməsindən kənara çıxmayıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb. Baş nazirin müavini vurğulayıb ki, hazırda Ermənistanda hakimiyyətdə olanlar bu problemin üzərində hakimiyyətə gəliblər və problemin həllinə getməyəcəklər, dünyanın böyük dövlətləri isə bu problemin həllinə laqeyd yanaşırlar.

A. Bruk Azərbaycanın “Tərəqqi” medalına layiq görülməsini onların fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib və Azərbaycandan xoş təəssüratlarla ayrıldığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR