Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri BANM-də olub

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri BANM-də olub
# 29 oktyabr 2015 07:22 (UTC +04:00)

Bakı-APA. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, rektor Elmar Qasımov Elmar Qasımov səfirə BANM-in yaranma tarixi, tələbə qəbulu prosesi, təhsil ocağının əsas hədəfləri haqqında məlumat verib. E. Qasımov məktəbin SOCAR-ın strukturu olaraq, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə yaradıldığını bildirib. O bildirib ki, Ali Məktəbin əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasıdır. BANM-in dövlət ali təhsil müəssisəsi olduğunu diqqətə çatdıran rektor burada təhsilin ingilis dilində olduğunu deyib.

E. Qasımov ən yüksək göstəricilərə malik tələbələrin məhz BANM-i seçdiklərini bildirərək Ali Məktəbin hər il Prezident təqaüdçülərinin sayının artdığını vurğulayıb. O, BANM-in beynəlxalq əlaqələrindən söz açaraq, bu istiqamətdə görülmüş işlər haqqında səfirə geniş məlumat verib. O deyib ki, gənc ali təhsil müəssisəsi olmasına baxmayaraq, BANM dünyanın bir çox aparıcı ali təhsil ocaqları arasında müsbət imic formalaşdıra bilib, nəticədə, onlar da Ali Məktəblə qarşılıqlı əlaqələrin qurulmasında maraqlarını nümayiş etdirib.

Rektor BANM-in Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlığından söz açaraq, BANM-də tədrisin Heriot-Vatt Universitetinin kurrikulumları əsasında həyata keçirildiyini deyib. BANM-in yeni kampusu haqda danışan rektor E.Qasımov ilin sonuna qədər bütün işlərin yekunlaşacağını və bununla da nəinki ölkəmizdə, Qafqazda ən böyük kampusun məhz BANM-in kampusu olacağını qonağın diqqətinə çatdırıb.

Bununla yanaşı, rektor BANM-in tələbələrinin həm nəzəri, həm də təcrübi biliklərini möhkəmləndirmək üçün SOCAR-da və beynəlxalq şirkətlərdə istehsalat təcrübəsi keçdiklərini qeyd edib. O, Abu-Dabi Neft İnstitutu ilə BANM arasında əməkdaşlığın yaradılmasında maraqlı olduğunu bildirib.

Məhəmməd Əhməd Hamel Alqubaisi Azərbaycanda ingilis dilində tədris həyata keçirən, müasir tipli Ali Məktəbin yaradılmasının vaxtında həyata keçirilən çox önəmli bir layihə olduğunu vurğulayıb. Səfir Abu-Dabi Neft İnstitutu ilə BANM arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Görüşdə, eyni zamanda, ikitərəfli əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlıq perspektivləri, o cümlədən universitetlərarası mübadilə proqramının həyata keçirilməsi və maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR