AMEA-nın iki bölməsinin illik hesabatı Rəyasət Heyətində qəbul olunub

AMEA-nın iki bölməsinin illik hesabatı Rəyasət Heyətində qəbul olunub
# 27 yanvar 2016 14:52 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi və AMEA-nın Kimya Elmləri Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında elmi hesabatları dinlənilib.

APA-nın xəbərinə görə, AMEA-nın müxbir üzvü Nazim Məmmədov bildirib ki, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi ötən il uğurlu fəaliyyətlə yadda qalıb: “2015-ci ildə bölmə üzrə dərc olunmuş ümumi məqalələrin sayı 1136 olub. Bu da əvvəlki illərlə müqayisədə elə də pis nəticə deyil”.

N. Məmmədov ötən il Fizika İnstitutu tərəfindən 5 mühüm elmi nəticə əldə olunduğunu deyib.

AMEA prezidenti, akademik Akif Əlizadə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2016-ci il üçün hazırladığı qərar layihəsini tamamilə yararsız qərar layihəsi adlandırıb: “Qərar layihəsində formallıq həddən artıq çoxdur. Düzdür, ötən il mühüm nəticələr əldə olunub. Bu bölmə üzrə vəziyyət o qədər də pis deyil”.

2016-ci ilin qərar layihəsinə yenidən baxılmasına qərar verilib. AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatı isə qəbul edilib.

Akademik Dilqəm Tağıyev AMEA-nın Kimya Elmləri Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilatı fəaliyyəti haqda illik hesabatını təqdim edib. O bildirib ki, Bölmənin tərkibində 4 institut fəaliyyət göstərir. Akademik ötən il əldə olunan mühüm elmi nəticələr barədə də məlumat verilib.


Akademik qeyd edib ki, Azərbaycanın sürtgü yağlarına illik tələbat 43 min tondur: “Bu gün “Lukoyl” tərəfindən 12 min ton sürtgü yağı Azərbaycana kontrakt əsasında göndərilir. Azərbaycana gübrənin kənardan gətirməlisini azaltmaq lazımdır. Azərbaycanda mineral gübrələrə tələbat ildə 250 min tondur. Bundan başqa, Neftçalada yod-brom zavodunda 110 quyu var ki, onlardan 80-i işləyir. Gündə 19-20 min ton tullantı suları dənizə axıdılır. Halbuki Neftçala yod-brom zavodunun tullantı sularından xörək duzu almaq olar”.



AMEA-nın Kimya Elmləri Bölməsinin illik hesabatı qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR