Müdafiə naziri: “Cəbhədə çoxsaylı itki verən düşmən mənəvi-psixoloji cəhətdən ağır vəziyyətə düşüb”

Müdafiə naziri: “Cəbhədə çoxsaylı itki verən düşmən mənəvi-psixoloji cəhətdən ağır vəziyyətə düşüb”
# 31 dekabr 2015 14:21 (UTC +04:00)

Bakı - APA. Yeni tikilmiş və müasir avadalıqlarla tam təchiz edilmiş daha üç hərbi hissənin açılış mərasimləri keçirilib.

APA-nın Müdafiə Nazirliyinin (MN) saytına istinadən verdiyi məlumata görə, Nazirliyin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissələrin açılışında iştirak edərək istifadəyə verilən qərargah, əsgər yataqxanaları, tədris kompleksi, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərciyi, sıra meydanı, tibb məntəqəsi, hamam-camaşırxana-qazanxana kompleksi və digər inzibati obyektlər ilə tanış olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edib: "Silahlı Qüvvələrimiz daim Ali Baş Komandanımız cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Orduda həyata keçirilən islahatlar bütün istiqamətlər üzrə aparılır döyüş hazırlığı, şəxsi heyətin sosial-məişət şəraiti diqqət mərkəzində saxlanılır.

Silahlanmada olan bütün silah-sursat, döyüş texnikası, hərbi təyinatlı avadanlıqlar yenilənib və modernizə edilərək hərbi hissələrə çatdırılıb. Əsas diqqət ön xətdə yerləşən bölmələrə, cəbhəboyu zonadakı hərbi hissələrin təminatına və hazırlığına yönəldilib. Bütün bunlar şəxsi heyətin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədini daşıyır.

İl ərzində bütün istiqamətlərdə düşmənə vurulan zərbələr onu sarsıdıb. Cəbhədə çoxsaylı itki verən erməni tərəfi mənəvi-psixoloji cəhətdən ağır vəziyyətə düşüb.

Ordumuz hərbi təlimlərdə, praktiki məşqlərdə, təlim mərkəzləri və poliqonlarda döyüş hazırlığını daim artırır. Silahlı Qüvvələrimizin şəxsi heyəti dövlət rəhbərliyi tərəfindən bizə göstərilən etimadı doğrultmaqla torpaqlarımızın işğaldan azad ediləcəyi günü yaxınlaşdırır".

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə şəxsi heyəti təbrik edən müdafiə naziri hərbi qulluqçulara xidmətdə uğurlar arzulayıb.

Şəxsi heyət təntənəli marşla tribuna önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.

Həmin gün müdafiə naziri cəbhəboyu zonada yerləşən və tikintisi yekunlaşmaq üzrə olan digər hərbi hissələrdə olub, inşaat işlərinin sürətlə və keyfiyyətli aparılması ilə bağlı tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR