Teymuraz Şaraşanidze: "Cənubi Qafqazın inkişafı Gürcüstan və Azərbaycan münasibətlərindən asılıdır"

Teymuraz Şaraşanidze: "Cənubi Qafqazın inkişafı Gürcüstan və Azərbaycan münasibətlərindən asılıdır"
# 26 may 2016 18:10 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. APA-nın məlumatına görə, bu sözləri Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşanidze Gürcüstanın müstəqilliyinin 25 illiyi ilə bağlı Bakıda keçirilən tədbirdə deyib. O Azərbaycanın da Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib: “Qonşu ölkələrlə əməkdaşlıq və mehriban münasibət Gürcüstanın xarici siyasətinin təməl prinsipidir. Azərbaycanla münasibətlər bunun bariz nümunəsidir. İki qardaş ölkə olan Gürcüstan və Azərbaycan mövcud çətinliklərin öhdəsindən birlikdə gəlib. Cənubi Qafqazın inkişafı əsəsən Gürcüstan və Azərbaycan münasibətlərindən asılıdır. İqtisadi əməkdaşlıq münasibətlərin əsas məqamlarından biridir. BTC, BTS, TAP-TANAP, BTQ layihələri təkcə hər iki ölkə üçün deyil, Avropa ölkələri üçün də fayda gətirən layihələrdir. Ölkələrimizin təhlükəsizlik məsələləri də əsas sahələrdən biridir. Türkiyə ilə birlikdə xarici siyasət, iqtisadiyyat və müdafiə sahəsində də üçtərəfli əməkdaşlıq uğurla inkişaf edir. İki ölkə arasında münasibətlər müsbət dinamika ilə inkişaf edir, sülh və dostluğa istiqamətlənib".

O Azərbaycanı dövlət müstəqilliyinin bərpa edilməsi günü münasibəti ilə təbrik edib.

Daha sonra çıxış edən Azərbaycan baş nazirinin müavini Əli Əhmədov bildirib ki, iki ölkə xalqı tarix boyu mehriban qonşuluq və dostluq əlaqələri birləşdirib: "Yaşadığımız bölgənin tarixinin, ruhunun formalaşmasında iki ölkənin dostluq əlaqələri mühüm rol oynayıb. Gürcüstan və Azərbaycan dostluğu bu gün də davam edir və xalqlarımızın mənafeyinə xidmət etməkdədir. Siyasi dialoq və bütün sahələrdə əməkdaşlıq tarixi münasibətlər əsasında güclənib. İqtisadi münasibətlər, enerji layihələri yaşadığımız bölgənin bu gününü və gələcəyini müəyyən etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə töhfədir. Aramızdakı möhkəm dostluq və əməkdaşlıq sülhün və əmin-amanlığın etibarlı dayağı rolunu yerinə yetirir. Hər iki ölkənin biri-birinin ərazi bütövlüyünü dəstəkləməsi həm iki xalq arasında münasibətləri möhkəmləndirir, həm də bölgənin suverenlik və təhlükəsizliyinə töhfədir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR