Səfirlik: Azərbaycan mediası Türkiyədə baş verən çevriliş cəhdi ilə bağlı obyektiv mövqe tutub

Səfirlik: Azərbaycan mediası Türkiyədə baş verən çevriliş cəhdi ilə bağlı obyektiv mövqe tutub
# 25 iyul 2016 14:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Mətbuat Şurasında (MŞ) olub.

Şuradan APA-ya verilən məlumata görə, H. Karadeniz Azərbaycan milli mətbuatının 141 illiyi ilə bağlı Türkiyə səfirliyinin təbriklərini çatdırıb.

Mətbuat müşaviri Türkiyədə baş verən dövlət çevrilişinə cəhd hadisəsinin Azərbaycanın kütləvi informasiya vasitələrində işıqlandırılması xüsusiyyətlərinə diqqət çəkib. O bildirib ki, Azərbaycan mediası olaylara Türkiyə xalqının və dövlətinin mənafeləri baxımdan yanaşıb, obyektiv mövqe tutaraq öz dəstəyini əsirgəməyib.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov XXI əsrdə dövlət çevrilişi hadisəsinin hər hansı geridə qalmış məmləkət üçün xarakterikliyini vurğulayıb: “Türkiyə kimi yüksək inkişafa malik ölkədə belə hal əsla yolverilməzdir. Görünür, bunu Türkiyəyə yaraşdıranlar olub. Ancaq xalqın qətiyyəti çevrilişin həyata keçməsini əngəllədi”.

Ə. Amaşov qeyd edib ki, Azərbaycanın kütləvi informasiya vasitələri bu məsələdə sadiqlik nümayiş etdiriblər: “Onlar qardaş ölkədə yaşananlara dövlətçilik prinsiplərini, ortaq dəyərlərimizi, mənafelərimizi rəhbər tutaraq yanaşdılar. Bu, son dərəcə vacibdir”.

Görüşdə Azərbaycan və Türkiyə mediaları arasındakı əməkdaşlığın müxtəlif istiqamətləri ilə bağlı fikir mübadiləsi də aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR