MSK Müsavat Partiyasının və NİDA Vətəndaş Hərəkatının parlament seçkilərində iştirakdan imtina etməsi ilə əlaqədar bəyanat verib

MSK Müsavat Partiyasının və NİDA Vətəndaş Hərəkatının parlament seçkilərində iştirakdan imtina etməsi ilə əlaqədar bəyanat verib
# 29 oktyabr 2015 16:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyası (MSK) Müsavat partiyasının və NİDA Vətəndaş Hərəkatının parlament seçkilərində iştirakından imtina etməsi ilə əlaqədar bəyanat verib.

MSK-nın Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Milli Məclisinə keçiriləcək seçkilərdə Müsavat partiyası öz iştirakının dayandırılması və partiyanın qeydə alınmış namizədlərinin geri çağırılmasının həmin namizədlərin mülahizəsinə verilməsi barədə qərar qəbul edib.

MSK bildirir ki, Seçki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədi, qeydə alınmış namizədi geri çağırmaq hüququna malikdir. Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən isə seçki bülletenləri Mərkəzi Seçki Komissiyasının qərarı ilə onun nümayəndələrinin müşahidəsi altında poliqrafiya müəssisələrində səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır: “Müsavat Partiyasının bu barədə qərarının məhz bu ilin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə 10 gündən az müddət qalmış vaxtda qəbul edilməsi Seçki Məcəlləsinin tələblərinin pozulması ilə yanaşı, keçiriləcək seçkilərə şüurlu olaraq əngəllər törətmək kimi qiymətləndirilir. Səsvermə prosesində seçicilərin çaşdırılmasına xidmət edən bu addım seçki subyekti olmayan, seçki prosesində ümumiyyətlə iştirak etməyən və namizəd qeydə aldırmaq hüququna malik olmayan NİDA Vətəndaş Hərəkatının belə bəyanat verməsi ilə daha da qabarıq ortaya çıxıb. Təəssüflər olsun ki, seçki təcrübəsinə mənfi təsirsiz ötüşməyən belə neqativ addımlar onlar tərəfindən davamlı olaraq atılmaqdadır”.

MSK-nın bəyanatında qeyd olunub ki, Milli Məclisə keçiriləcək seçkilərin təxirə salınaraq 4 ay sonraya təyin olunması da Müsavat Partiyası tərəfindən irəli sürülüb: “Halbuki, bu təklifi irəli sürənlər bilməlidirlər ki, Konstitusiyanın 84-cü maddəsinin ll hissəsinə uyğun olaraq, Milli Məclisin hər çağırışının seçkiləri hər 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilir, onun iddia edilən müddətə və əsaslarla təxirə salınması qaydası seçki qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmayıb. Bütün bu hərəkətlər onu sübut edir ki, Milli Məclisə seçkilərin qanunun tələblərinə uyğun olaraq keçirilməsi Müsavat partiyasının və NİDA Vətəndaş Hərəkatının maraqlarına cavab vermir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR