"Bakcell"ə yeni rəhbər təyin olunub

"Bakcell"ə yeni rəhbər təyin olunub
# 19 may 2016 12:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bakcell” şirkətinə yeni baş icraçı direktor təyin olunub.

APA-Economics”in məlumatına görə, telekommunikasiya sahəsində bir sıra rəhbər vəzifələrdə çalışmış Nikolai Bekers “Bakcell” şirkətinin baş icraçı direktoru təyin olunmamışdan əvvəl Rumıniyada Almaniyada “Deutsche Telekom” telekommunikasiya qrupunun baş icraçı direktoru vəzifəsində çalışıb.

Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə 20 illik zəngin beynəlxalq təcrübəyə malik olan Bekers “T-System Fransa” şirkətinin prezidenti, “Makedonski Telecom” şirkətinin baş icraçı direktoru, “Deutsche Telecom France SAS” şirkətinin prezidenti vəzifələrində işləyib və İndoneziya, Malayziya, Sinqapur və Filippin kimi ölkələrdə telekommunikasiya sənayesi üzrə müxtəlif vəzifələrdə çalışıb.

O, yeni layihənin həyata keçirilməsi, biznesin inkişaf etdirilməsi, internet və mobil rabitə xidmətləri göstərən şirkət və müəssisələrin yenidən qurulması və strategiyanın planlaşdırılması mərhələsindən, bazara şıxış strategiyasının hazırlanması və korporativ mədəniyyətdə müsbət dəyişikliklərin həyata keçirilməsinə qədər müxtəlif sahələrdə uğurlu fəaliyyətinə görə fərqlənib.

N. Bekers İNSEAD biznes məktəbinin və Köln Universitetinin MBA (Biznesin İdarə Edilməsi üzrə magistr) diplomuna sahibdir.

“Son zamanlar dünyada yaşanan çətin iqtisadi vəziyyət Azərbaycandan da yan keçməyib. Telekommunikasiya sahəsi Azərbaycan iqtisadiyyatında əhəmiyyətli yer tutur və şübhəsiz ki, mövcud iqtisadi durum bu biznes sahəsinin qarşısında da çətin və mürəkkəb vəzifələr qoyur. Buna baxmayaraq, “Bakcell” ölkənin telekommunikasiya bazarında olduqca güclü mövqeyə sahibdir və mən inanıram ki, biz öz şəbəkəmizə və təqdim etdiyimiz yeni xidmətlərə investisiya qoyuluşlarını davam etdirərək, bu çətinliklərin öhdəsindən gələcək və “Bakcell” şirkətinin peşəkar və səmimi işçi heyəti ilə birlikdə daha böyük və parlaq nəticələrə nail olacağıq”, deyə “Bakcell” şirkətinin yeni baş icraçı direktoru Nikolai Bekers bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR