Ağdaş Seçki Dairəsində seçki hüququ üzrə ixtisaslaşdırılmış kurs keçiriləcək

Ağdaş Seçki Dairəsində seçki hüququ üzrə ixtisaslaşdırılmış kurs keçiriləcək
# 19 may 2016 12:21 (UTC +04:00)

Bakı - APA. Mayın 20-də Mərkəzi Seçki Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar prezidentin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurs keçiriləcək.

Mərkəzi Seçki Komissiyası katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Dairə Seçki Komissiyasının inzibati binasında baş tutacaq tədbir DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.

İxtisaslaşdırılmış kursların gündəliyinə Milli Məclisə təkrar seçkilərə hazırlıq, seçici siyahıları ilə işin aparılması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanlarının təmin olunması, seçkilərin keçirilməsində müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin rol və vəzifələri, seçki günü prosedurları, səslərin hesablanması və səsvermənin yekunlarına dair nəticələrin rəsmiləşdirilməsi, eləcə də bir sıra digər aktual mövzular daxildir. Kurs ərzində MSK-nın təmsilçisi, DSK sədri və Seçki Məcəlləsinin tələbinə uyğun seçkilərin keçirilməsində vəzifələri olan rayon İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən mühazirələr oxunacaq, çıxışlar dinləniləcək və iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR