“Təmiz Şəhər” ASC uşaqların tullantılardan hazırladıqları əl işlərinin sərgi-yarmarkasını keçirib

“Təmiz Şəhər” ASC uşaqların tullantılardan hazırladıqları əl işlərinin sərgi-yarmarkasını keçirib
# 29 may 2015 14:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Qala qəsəbəsində bağça və məktəb uşaqlarının tullantı materiallardan istifadə edərək hazırladıqları əl işlərinin sərgi-yarmarkası keçirilib.

“Təmiz Şəhər” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, mayın 28-də təşkil olunmuş tədbirə qəsəbə və şəhər sakinlərinin marağı böyük olub.

Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” tərəfindən keçirilən “Təmiz Qala” layihəsinin maarifləndirmə işləri çərçivəsində təşkil edilib. Maarifləndirmə işləri çərçivəsində bir neçə aydır ki, Qala qəsəbəsində yerləşən bağça və məktəblərdə mütəxəssislər uşaqlara tullantılar, onları azaltmaq və onlardan təkrar istifadə etmək barədə praktik təlimlər keçirlər. Ustad dərsləri zamanı uşaqlar başqalarının lazımsız hesab etdiyi müxtəlif tullantı materiallarından yeni əşyalar hazırlamaq üsulları da öyrəniblər. Bu günkü sərgi zamanı isə həmin əşyalar təqdim olunub.

Layihənin məqsədi uşaqlara tullantıların azaldılması və təkrar istifadəsi vərdişlərinin aşılanması, həmçinin lazımsız əşyalar hesab edilən materiallardan yararlı və faydalı əşyalar düzəltməyin və istifadəsinin mümkünlüyünü təbliğ etməkdir. Bunun üçün isə tələb olunan ətraf mühitə qayğı hissi və istəkdir. Cəmiyyət tərəfindən gənc nəslin nümayəndələri arasında bu cür maarifləndirmə tədbirləri mütəmadi təşkil olunur.

“Təmiz Qala” layihəsi Qala qəsəbəsində bərk məişət tullantılarının toplanması, daşınması və utilizasiyası üzrə həyata keçirilən nümunəvi pilot layihədir. Belə ki, qəsəbədə tullantılar 2 fərqli konteynerlərdə - qida qalıqları yaşıl rəngli, qeyri-qida tullantıları isə göy rəngli konteynerlərdə toplanır. Qəsəbədə 157 ədəd tullantı meydançası və 832 ədəd tullantı konteyneri quraşdırılıb. Çeşidlənmiş tullantılar konteyner rənglərinə uyğun fərqli maşınlarla daşınır ki, bu da çeşidləmə prosesi zamanı təkrar emala yararlı tullantıların ümumi kütlədən ayrılması dərəcəsini xeyli yüksəltmiş olur.

Qala qəsəbəsində xidmət səviyyəsinin yüksəldilməsi üçün tullantı daşıyan maşınlara GPS qurğuları quraşdırılmış və daim nəzarət edilir. Vaxta və xərclərə qənaət etmək üçün xüsusi hazırlanmış proqram təminatı hər bir maşın üçün optimal marşrut müəyyən edir və sürücünün planşetinə yönləndirilir. Həmçinin qaynar xətt vasitəsi ilə sakinlərin irad, şikayət və təklifləri qeydə alınır və araşdırılaraq müvafiq tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR