Azərbaycan FHN və Avstriyanın DİN-in birgə təlimləri başa çatıb

Azərbaycan FHN və Avstriyanın DİN-in birgə təlimləri  başa çatıb
# 20 fevral 2017 10:04 (UTC +04:00)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq çərçivəsində fevralın 12-dən etibarən Qəbələ rayonu ərazisində qar uçqunlarında axtarış-xilasetmə, həmçinin xizəksürmə hazırlığı üzrə keçirilən təlimlər fevralın 19-da başa çatıb.

FHN-dən APA-ya bildirilib ki, təlimlərə FHN-in Şimal-qərb Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Təlimlər nəzəri və praktiki məşğələlərdən ibarət olub. Məşğələlərdə şəxsi heyətə qar uçqunu altında qalanların axtarışı və xilas edilməsi zamanı xüsusi vasitələrin tətbiqi, ekstremal şəraitdə davranış qaydaları, səmti müəyyən etmə, dağ relyeflərində xizəksürmə və xəsarət alanların daşınması tədris edilib.

Təlimlər zamanı Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taborunun kinoloqları və xüsusi təlim keçmiş itləri də qar uçqunu altında qalanların axtarışı və xilas edilməsinə cəlb olunub.


Sonda nazirliyin Aparatının əməkdaşları və avstriyalı mütəxəssislər tərəfindən xilasedicilərə tədris olunmuş mövzular üzrə nəzəri və praktiki imtahanlar keçirilib və onlara sertifikatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR