Penitensiar Xidmət: Aslan Aslanovun oğlunu öldürən Vüqar Əliyevə təzyiq olunması barədə deyilənlər əsassızdır

 Penitensiar Xidmət: Aslan Aslanovun oğlunu öldürən Vüqar Əliyevə təzyiq olunması barədə deyilənlər əsassızdır
# 10 noyabr 2016 14:03 (UTC +04:00)

“Məhkum Vüqar Əliyevə təzyiq olunması barədə deyilənlərin heç bir əsası yoxdur”.


Bu barədə APA-nın sorğusuna cavab olaraq, Ədliyyə Nazirliyi Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib. M. Sadıqov bildirib ki, Qobustanda yerləşən həbsxanada saxlanılan Vüqar Əliyevdən bir neçə mobil telefon, danışıq kartları və digər qadağan olunmuş əşyalar aşkarlanıb. Həmin məsələ ilə bağlı Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə cinayət işi başlanılıb. Sentyabrın 15-də Qaradağ rayon Məhkəməsinin hökmü ilə V. Əliyevin barəsində 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, “azadliq.info” saytı Vüqar Əliyevin anasına istinadən yaydığı xəbərdə ona təzyiq edilməsi və cinayət işi başlanılması barədə məlumat yayıb.

Xatırladaq ki, V. Əliyev və onun nişanlısı olmuş 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L. Quliyeva və Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirli biliniblər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

Cəzaçəkmə müəssisəsində ana olan L. Quliyeva bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR