Məhkəmə nazirin qardaşına qarşı dələduzluq edən şəxsin vəsatətini təmin edib

Məhkəmə nazirin qardaşına qarşı dələduzluq edən şəxsin vəsatətini təmin edib
# 12 iyul 2017 09:17 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov məhkəmə istintaqının başa çatmasına etiraz edib. O, S. Nəbiyevin əlavə ifadə verməsi barədə vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib.

Proses iyulun 19-da davam etdiriləcək.

İttihama görə, 2015-ci ildə S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklif edərək, ondan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına investisiya qoymasını istəyib. Əvəzində isə qazancın yarısını Ə. Camalova verəcəyini vəd edib. Ə.Camalov razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. S.Nəbiyev isə vəsaiti mənimsəyərək Ə. Camalova pulu qaytarmayıb. Bundan sonra Ə. Camalov polisə müraciət edib. S.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirləndirilib və barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Zərərçəkmiş Əlikram Camalov kəndli fermer təsərrüfatının təsisçisi və müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR