KİV: "Snam" DESFA-nın səhmlərinin 30%-ni almaq üçün SOCAR-la danışıqlar aparır

KİV: "Snam" DESFA-nın səhmlərinin 30%-ni almaq üçün SOCAR-la danışıqlar aparır
# 19 oktyabr 2016 11:25 (UTC +04:00)

Bakı - APA-Economics. İtaliyanın "Snam" şirkəti Yunanıstanın milli qazpaylayıcı operatoru DESFA-nın səhmlərinin azı 30%-ni almaq üçün SOCAR-la danışıqlar aparır. "APA-Economics" xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı yazır.

SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alıb. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

DESFA-nın özəlləşdirilməsi prosesinin yubanmasının əsas səbəbi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu tərəfindən SOCAR-a qazpaylayıcı operatorun nəzarət paketinin ötürülməsi üzrə apardığı araşdırmalardır. Antiinhisar prinsiplərinə əsaslanan Yunanıstan dövləti SOCAR-ın səhm payının 17%-ni üçüncü tərəfə satmağını təklif edir. Səhm paketini İtaliyanın "Snam" şirkəti almaq niyyətindədir və bununla bağlı SOCAR-la danışıqlar aparılır.

Bu gün isə yunan mətbuatı növbəti dəfə yazıb ki, SOCAR "Snam" şirkətinə planlaşdırıldığı kimi 17% deyil, azı 30% səhmin satılması ilə bağlı təmasdadır. "Beləliklə, SOCAR-ın DESFA-dakı payı 49% deyil, 36% olacaq", - deyə mətbuat yazır.

Mətbuata inansaq, hətta bu məsələ Yunanıstanın baş nazirinin müşaviri Dimitrios Liakosla "Snam" nümayəndəsi və SOCAR-ın Yunanıstandakı nümayəndəliyinin rəhbəri Anar Məmmədov arasında müzakirə olunub.

Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev bundan əvvəl "APA-Economics"ə açıqlamasında bildirib ki, SOCAR və Yunanıstan hökuməti DESFA-nın özəlləşdirilməsi ilə bağlı İşçi qrupunun yaradılması barədə qərar qəbul edib: "İşçi qrupuna Azərbaycan tərəfindən SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, Yunanıstan tərəfindən isə baş nazirin müşaviri Dimitrios Liakos rəhbərlik edəcək. İşçi qrupu İtaliyanın “Snam” və Avropa Komissiyası ilə sıx əlaqədə çalışacaq. İşçi qrupu bir ay ərzində DESFA-nın özəlləşdirilməsi ilə bağlı çıxış yolunu axtaracaq. Beləliklə, zəmanət məktubunun müddəti oktyabrın 31-dək uzadılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR