Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş musiqi festivalı başlayıb

Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş musiqi festivalı başlayıb
# 03 noyabr 2014 07:41 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Noyabrın 2-də Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş musiqi festivalının açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, ittifaqın 80 illik yubileyi münasibətilə təşkil olunan musiqi tədbirinin proqramı rəngarəng və zəngindir: “Festival çərçivəsində müxtəlif konsert salonlarında reallaşacaq tədbirlərdə 70 müəllifin müxtəlif janrlarda bəstələdikləri musiqiləri səslənəcək. Festivalda xarici ölkələrdən musiqişünas və bəstəkarlar da iştirak edirlər”.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Bəstəkarlar İttifaqının 80 illiyi müxtəlif tədbirlərlə qeyd olunur: “Klassik Azərbaycan musiqisinin, yaradıcılıq potensialının genişləndirilməsində, inkişafında Bəstəkarlar İttifaqı çox böyük rol oynayıb. Müxtəlif dövrlərdə bu quruma rəhbərlik edən Qara Qarayev, Tofiq Quliyev və digərləri Azərbaycan musiqisinin inkişafına dəyərli töhfələri veriblər”.

Tədbirdə Ü.Hacıbəyli adına Azərbaycan Simfonik Orkestrinin konserti olub, xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR