Moskvada Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş mini-futbol turniri ilə əlaqədar brifinq keçirilib - FOTO

Moskvada Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş mini-futbol turniri ilə əlaqədar brifinq keçirilib - <span style="color: red;">FOTO
# 12 dekabr 2014 10:11 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskva meriyasında dekabrın 13-də “Dinamo” İdman sarayında keçiriləcək Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş mini-futbol üzrə beynəlxalq turnir ilə əlaqədar mətbuat konfransı təşkil olunub.

APA-nın verdiyi məlumata görə, Moskva şəhəri regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla iş departamenti və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) ölkəmizin Rusiyadakı səfirliyinin və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil etdiyi yarışda 14 komanda iştirak edəcək.

Moskva meriyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anastasiya Qorşkova bildirib ki, yarış rəqabət meydanından çox idman bayramını xatırladacaq: "Turnir Rusiya ilə Azərbaycan arasında tərəfdaşlıq və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək".

A. Qorşkova turnirin təşkilinə göstərdikləri dəstəyə görə Moskvanın Azərbaycan diaspor təşkilatlarına, xüsusilə Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə nümayəndəliyinin icraçı direktoru Araz Mürsəliyevə öz təşəkkürünü bildirib.

Azərbaycan səfirliyinin diasporla iş üzrə müşaviri Aqşin Əliyev isə turnirin təşkilində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və RAGB-yə, xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib. Diplomat vurğulayıb ki, bu il turnirdə Azərbaycan və Rusiya komandaları ilə yanaşı Slovakiya səfirliyinin və türk diasporunun nümayəndələri də iştirak edəcəklər.

RAGB-nin idarə heyətinin üzvü Ayan Həsənova isə turnirin bədii hissəsindən danışaraq tamaşaçılar qarşısında Azərbaycanın tanınmış ifaçıları – Ədalət Şükürov, Miri Yusif, “Natiq” ritm qrupu, həmçinin Rusiyanın məhşur ifaçılarının çıxış edəcəklərini bildirib: "Sarayın foyesində Heydər Əliyev Fondunun çap etdirdiyi jurnallar və kitablar sərgilənəcək, tədbirin balaca qonaqları üçün isə əyləncəli animasiya zonası təşkil olunacaq. Bundan əlavə, Tofiq Bəhramovun həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunacaq".

ÜAK-ın icraçı direktoru İlqar Hacıyev isə Tofiq Bəhramov adına mini-futbol turnirinin Rusiyanın Azərbaycan diaspor təşkilatlarının birləşməsindəki rolundan, ÜAK komandasının yarışa həvəslə hazırlaşmasından danışaraq bu cür tədbirlərin Azərbaycanla Rusiya arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini söyləyib.

Mətbuat konfransında Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov, Rusiya Mini-Futbol Assosiasiyasının prezidenti Emil Əliyev və Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin rektoru Vaqif Bayramov iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR