Azərbaycanda 30 minə yaxın insana rəsmi işsiz statusu verilib

Azərbaycanda 30 minə yaxın insana rəsmi işsiz statusu verilib
# 17 noyabr 2014 09:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu il noyabrın 1-nə əsasən iqtisadi fəal əhalinin sayı 4 828,3 min nəfər olub, onlardan 4 589,8 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu il oktyabrın 1-nə muzdla işləyənlərin sayı 1507,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 883,7 min nəfər, qeyri-dövlət bölməsində isə 623,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 36,4 min nəfər, qeyri-neft sektorunda isə 1471,0 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1462,5 min nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8%-i məhsul istehsalı sahələrində, onlardan 7,1%-i tikintidə, 6,7%-i emal sənayesində, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,4%-i mədənçıxarma sənayesində, 1,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olublar.

Xidmət sahəsində çalışanların 22,2%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 2,0%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.

Bu ilin yanvar-sentyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 152,9 saat təşkil edib.

Bu il noyabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 28,9 min nəfər olub, onların 39,7%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 268,3 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR