Təhsil Problemləri İnstitutunda tədbir keçirilib

Təhsil Problemləri İnstitutunda tədbir keçirilib
# 24 sentyabr 2014 12:59 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan Təhsil Problemləri İnstitutunda “Fənn kurikulumlarının tətbiqi ilə bağlı sorğuların və müşahidələrin aparılması” və “Tədris keyfiyyətinin yüksəldilməsi üçün mentorluq sisteminin yaradılması” mövzusunda tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən institutun direktoru Qulu Novruzov bildirib ki, ötən il oktyabrın 11-də Təhsil Nazirliyin tərəfindən elan edilən “İctimai təşəbbüslərin dəstəklənməsi” müsabiqəsi çərçivəsində institut iki layihənin qalibi olub. Q. Novruzov deyib ki, institut tərəfindən irəli sürülən “Fənn kurikulumlarının tətbiqi ilə bağlı sorğuların və müşahidələrin aparılması” və “Tədris keyfiyyətinin yüksəldilməsi üçün mentorluq sisteminin yaradılması” layihələri təhsil keyfiyyətinin yüksəldilməsi ilə bağlıdır: “Ümumiyyətlə, Təhsil Nazirliyi tərəfindən irəli sürülən bu layihələr artıq öz bəhrəsini verməkdədir. Hesab edirəm ki, bu kimi təşəbbüslər mərhələli şəkildə davam etdirilməlidir”.

Layihənin rəhbəri, institutun əlavə təhsilin kurikulumu şöbəsinin müdiri Afaq Əliyeva isə çıxışında qeyd edib ki, institut sözügedən layihələrin mövzusunda tədqiqat aparıb, ibtidai sinif müəllimləri, valideynlər və şagirdlər arasında sorğu keçirib: “Tədris prosesinin təşkili, İKT-dən istifadə vəziyyəti, şagird nailiyyətlərinin qiymətləndirilməsi və digər məsələlərlə bağlı sualların əks olunduğu sorğu anketləri müəllimlər tərəfindən cavablandırılıb. Nəticələr isə mövzulardan asılı olaraq dəyişib”.

Sonda müsabiqə iştirakçılarına sertifikatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR