Azərbaycandakı səfirliklərin nümayəndələri Şəkidə olublar - FOTOSESSİYA

Azərbaycandakı səfirliklərin nümayəndələri Şəkidə olublar - <span style="color: red;">FOTOSESSİYA
# 05 noyabr 2014 03:23 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və beynəlxalq təşkilatların təmsilçiləri Şəkidə olublar. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Azərbaycanın bölgələrinin turizm potensialı və tarixi-memarlıq abidələri ilə tanışlıq məqsədi ilə təşkil edilən infotur çərçivəsində şimal-qərb marşrutu üzrə ekskursiyaya çıxan səfirliklərin nümayəndələri, habelə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri noyabrın 4-də Şəkidə olublar. İnfotur Azərbaycan Respublikasının Xarici İşlər və Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə həyata keçirilib.

Şəki şəhərindəki “Çələbi xan” restoranında şəhər rəhbərliyi tərəfindən səmimiyyətlə qarşılanan infotur iştirakçılarına bu qədim şəhərin tarixi, mədəniyyəti, turizm potensialı barədə qısa məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın qədim yaşayış və mədəniyyət məskənlərindən olan Şəki bu günlərdə 2702 illiyini böyük təntənələrlə qeyd edib. Qədim ipəkçilik ənənələrinə malik olan bu şəhər, həm də, dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidələri ilə məşhurdur. Turizmin inkişaf etdirilməsi üçün çox əlverişli coğrafi şəraitin və infrastrukturun mövcud olduğu Şəkidə dövlət qeydiyyatına götürülmüş 84 tarix və mədəniyyət abidəsi var.

Qonaqlara Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunub.

Şəkiyə səfərləri çərçivəsində diplomatlar əvvəlcə Kiş kəndində yerləşən qədim alban məbədini ziyarət ediblər. Məlumat verilib ki, məbəd eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. Diqqətə çatdırılıb ki, 2001-2003-cü illərdə məbəddə Azərbaycan-Norveç birgə layihəsi əsasında bərpa işləri aparılıb. Layihə məşhur norveç alimi Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsini əbədiləşdirmək məqsədi ilə məbədin yanında onun büstü qoyulub. Bildirilib ki, hazırda məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

İnfotur iştirakçıları daha sonra Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayı ilə tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, Şərq memarlığının nadir incisi hesab olunan bu saray XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsidir. Abidənin bir özəlliyi də ondadır ki, onun tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Üç yüz kvadratmetr ərazisi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan vardır. İkinci mərtəbədəki otaqların tavan və divarlarını bəzəyən döyüş və ov səhnələri xüsusilə diqqəti cəlb edir.

Sarayın həyətindəki yaşı beş yüzə çatan qoşa Xan çinarları qonaqların marağına səbəb olub. Diqqətə çatdırılıb ki, iki il əvvəl bu möhtəşəm sarayın 250 illik yubileyi Şəkidə böyük təntənələrlə qeyd olunub.

İnfotur iştirakçıları sarayın həyətində Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə qonaq olublar.

Şəkiyə səfərləri çərçivəsində qonaqlar XVIII əsrin sonunda inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olublar. Məlumat verilib ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks üç yüzə yaxın otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacırlər, əsasən bu karvansarada qalır, ticarətlə məşğul olurdular. Hazırda bu tarixi abidə mehmanxana kompleksi kimi fəaliyyət göstərir. Hər il abidənin həyətində beynəlxalq səviyyəli festivallar, tədbirlər keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR