Mikayıl Cabbarov: “Pedaqoji universitetin kampusunun layihəsi hazırlanır”

Mikayıl Cabbarov: “Pedaqoji universitetin kampusunun layihəsi hazırlanır”
# 22 avqust 2014 09:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində görüləcək işlər açıqlanıb. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan müəllimi" qəzetinə müsahibəsində bildirib ki, Təhsil Nazirliyi gənclərdə bu peşəyə maraq yaratmağa çalışır. Onun sözlərinə görə, bu istiqamətdə dövlət başçısının şəxsi nəzarəti altında pedaqoji universitetin kampusunun layihəsi hazırlanır. Nazir vurğulayıb ki, orada gələcək müəllimlərin dünyagörüşünün formalaşdırılması və keyfiyyətli təhsil almaları üçün mühit yaradılacaq: “Paralel olaraq, bu ildən müəllimlik ixtisasları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrin həvəsləndirmə proqramına başlamışıq. Qarşıdan gələn dərs ilindən qəbul imtahanlarında yüksək nəticə göstərən 300 tələbəyə, əlavə olaraq, 100 manat xüsusi təqaüd veriləcək. Biz hesab edirik ki, bu tədbir gənc müəllimlər üçün əlavə stimul rolunu oynayacaq. Müəllimlərin karyera inkişafı üçün də real addımlar atmışıq. Yaxın vaxtlarda bunu elan edəcəyik”.

M.Cabbarov təhsil sistemində ənənəvi metodika və prinsiplərdən yeni sistemə keçid prosesi barədə də məlumat verib. Nazirin sözlərinə görə, yeni sistemə - kurikuluma keçid istədikləri səviyyədə olmayıb. Səbəblərin çox olduğunu deyən təhsil naziri qeyd edib ki, bunlara müəllimlər lazımi səviyyədə hazırlanması, yeni müəllimlərin hazırlığında və dərsliklərin məzmununda müvafiq dəyişikliklər edilməsi və digər amillər daxildir: “Bəs, buna görə prinsiplər günahkar sayılmalıdırmı? Əsla belə deyil. Prinsiplərdə heç bir problem yoxdur. Müasir təhsil sistemi artıq "informasiyanı öyrəndin, soruşdular, qiymətləndirdilər" üsulundan çoxdan uzaqlaşmışdır. İnformasiya əldə etmək üçün "Google", "Wikipedia" var. Bu o deməkdir ki, uşaqlarda "yadda saxlamaq" bacarığı inkişaf etdirilməsin? Sözsüz, bu belə deyil. Proqramın dəyişilməsi üçün tədbirlər görülür və biz artıq bu istiqamətdə çalışırıq. Qarşıdan gələn dərs ilində biz artıq müəyyən məsələlərlə bağlı fikrimizi bildirəcəyik. Növbəti ildən isə yeniliklərin tətbiqinə başlayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR