Rusiya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri arasında növbəti görüş olub

Rusiya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri arasında növbəti görüş olub
# 18 avqust 2014 07:58 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Rusiya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri Şərqi Ukrayna böhranı ilə bağlı keçirilmiş dördtərəfli danışıqlarda müəyyən tərəqqiyə nail olublar.


APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.


Açıqlamada qeyd olunub ki, danışıqlarda Ukraynadaxili problemlərin nizamlanması ətrafında ətraflı fikir mübadiləsi gedib: ““Müzakirə olunan məsələlər üzrə müəyyən irəliləyiş əldə olunub. Dialoqları bu formatda davam etdirmək qərara alınıb, nəticələr isə Rusiya, Almaniya, Fransa və Ukraynanın dövlət başçılarına təqdim olunacaq”.


Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer də bəyan edib ki, Berlində baş tutmuş gərgin danışıqlardan sonra kiçik irəliləyişə nail olunub: “Düşünürəm və ümid edirəm ki, bəzi bəndlər üzrə irəliləyiş əldə etmişik”.


Rusiya XİN başçısı Sergey Lavrov bu görüşü şərh etməyib, onun ukraynalı həmkarı Pavel Klimkin isə “Twitter” hesabında beş saat sürən danışıqların heç bir müsbət nəticə olmadan keçdiyini yazıb.


Qeyd edək ki, bu, Ukrayna böhranı üzrə keçirilən ikinci dördtərəfli görüşdür. Sergey Lavrov, Frank-Valter Ştaynmayer, Loran Fabius və Pavel Klimkin bundan əvvəl iyulun 2-də Berlində görüşmüşdülər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR