Azərbaycanda mədəni sərvətlərin satın alınmasında dövlətə üstünlük hüququ tanınıb

Azərbaycanda mədəni sərvətlərin satın alınmasında dövlətə üstünlük hüququ tanınıb
# 09 sentyabr 2014 09:02 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan ixrac olunan mədəni sərvətlərin satın alınmasında dövlətin üstünlük hüququ var.

APA-nın məlumatına görə, bu, Nazir Kabineti tərəfindən bu gün təsdiqlənən “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydasında əksini tapıb.

Qaydaya əsasən, mədəni sərvətlərin ixrac edilməsi məqsədi ilə mədəni sərvətlərin mülkiyyətçisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə ərizə ilə müraciət etməlidir. Ərizədə mülkiyyətçi tərəfindən mədəni sərvət üzərində hüquqların əldə edilməsinin əsası, mədəni sərvətin təsviri, mədəni sərvətlərin sayı ikidən çox olduqda, üç nüsxədə tərtib edilməklə onların siyahısı, hər bir mədəni sərvətin ölçüsü ən azı 8x12 santimetr olan 3 ədəd fotoşəkli (arxiv sənədlərinin, möhürlərin, filateliya, numizmatika, bonistika əşyalarının fotoşəkli tələb olunmur), mədəni sərvətin dəyərini müəyyən edən sənədlər, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və ya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin (dövlət reyestrindən çıxarışın) surəti yer almalıdır. Ərizə və ona əlavə edilən sənədlər əsasında Mədəniyyət və Turizm Nazirliyi mədəni sərvətlərin ekspertizasının həyata keçirilməsinin məqsədəuyğunluğunu və mədəni sərvətlərin ekspertizaya təqdim edilməsinin müddətini müəyyən edərək, bu barədə mülkiyyətçiyə və ya onun səlahiyyətli nümayəndəsinə məlumat verməlidir. Mədəni sərvətlər ekspertizaya təqdim edildiyi tarixdən 30 gün ərzində mədəni sərvətlərin ekspertizası həyata keçirilməli və ekspertizanın nəticələri tərtib olunmalıdır. Mədəni sərvətin ixracının mümkünlüyü barədə qərar qəbul edildikdə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəni sərvətin mühafizə şəhadətnaməsi verilməlidir.

Ancaq Mədəniyyət və Turizm Nazirliyinin ixrac olunan mədəni sərvətlər barədə ekspertizanın nəticələrinə əsasən mədəni sərvətin dövlət və ya bələdiyyə muzeylərinə, arxivlərinə və ya kitabxana fondlarına götürülməsi barədə qərarının qəbul edilməsindən sonra Mədəniyyət və Turizm Nazirliyinin mədəni sərvətin mülkiyyətçisindən mədəni sərvəti onun mədəni sərvətin dəyərini müəyyən edən sənədində göstərilən qiymətə satın almaq hüququ var. Mədəniyyət və Turizm Nazirliyi mədəni sərvətin dəyərini müəyyən edən sənəddə göstərilən məbləği tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş müddətdə ödəməlidir. Fiziki şəxslər daimi olaraq xarici ölkədə yaşamaq üçün Azərbaycan ərazisini tərk etdiyi halda Mədəniyyət və Turizm Nazirliyi həmin şəxslərə mədəni sərvətin dəyərini müəyyən edən sənəddə göstərilən məbləği birdəfəlik ödəməlidir. Dövlətin mədəni sərvətləri əldə etməkdə üstünlük hüququ ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

Qeyd edək ki, Azərbaycanın milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan daşınar mədəni sərvətlərin Azərbaycan ərazisindən ixracı qadağandır. Azərbaycanın milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan daşınar mədəni sərvətlər Nazirlər Kabineti tərəfindən bu gün təsdiq edilən “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”na əsasən müvəqqəti ixrac oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR