Bakı Beynəlxalq Humanitar Forumunda “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında” mövzusunda dəyirmi masa keçirilib

Bakı Beynəlxalq Humanitar Forumunda “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında” mövzusunda dəyirmi masa keçirilib
# 03 oktyabr 2014 14:05 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. IV Bakı Beynəlxalq Humanitar Forumunun ikinci günündə AMEA-nın Mərkəzi Kitabxanasında “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, forumun bu bölməsinə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəhbərlik edib.

İ. Həbbibəyli bildirib ki, Azərbaycan qədim mədəniyyət ocağı olmaqla yanaşı müasir dövrün tələblərinə uyğunlaşır, sivilizasiyanın mütərəqqi yeniliklərindən kənarda qalmır: “Azərbaycan Şərq ədəbiyyatına, Şərq elminə töhfələri ilə yadda qalıb. Müasir dövrümüzdə ölkəmizin yüksək səviyyəli və savadlı kadrları bütün sahələrdə öz sözünü deyir, dünyanın müxtəlif ölkələrində fərqlənirlər. Azərbaycanda müasir cəmiyyətin formalaşması zamanı milli dəyərlər kölgədə qalmır, əksinə, bizim milli dəyərlərimiz qloballaşan dünyada Azərbaycanın özünəməxsus yer tutmasına yardımçı olur”.

Nobel mükafatçısı, Massaçusets Texnologiya İnstitutunun professoru Piter Artur Daymond isə qloballaşma prosesində texnologiyaların rolundan, dövlət siyasətinin biznesin inkişafına və cəmiyyətlərin rifahına təsirindən söz açıb. O qeyd edib ki, qloballaşmanın çağırışlarından biri də ölkələrin iqtisadi dayanıqlığı məsələsidir: “Ölkə rəhbərləri cəmiyyətlərdə biznes mühitinin sərbəstliyi ilə yanaşı, işin keyfiyyəti baxımından da nəzarət göstərməli, lazım gəldikdə hansısa şirkətin nöqsanlarını aradan qaldırmağa çalışmalıdır. Xüsusilə, əczaçılıq sahəsində diqqət göstərilməsinə ehtiyac var. O cümlədən, vergi məsələsində dövlətdən həssaslıq tələb olunur”.

Daha sonra italiyalı professor Alessandro Politi “Beynəlxalq siyasətdə təmayüllər və uzunmüddətli ssenarilər”, rusiyalı şərqşünas-alim İrina Popova “XXİ əsrdə şərşünaslıq: problemlər və perspektivlər”, türkiyəli professor Mehmet Kalpaklı “Qloballaşmanın çağırışları: Türkiyə və türk mədəniyyəti, ənənə və transformasiya arasında” mövzularında çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR