Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 milyona çatır

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 milyona çatır
# 06 noyabr 2014 08:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu il noyabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 220 585 sığortaolunana fərdi şəxsi hesab açılıb.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, ilin əvvəli ilə müqayisədə fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 8,2% artıb.

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 mln. 911 min 942 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,05%-i (1 719 281 nəfər) kişi, 40,95%-i (1 192 661 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30 yaşa kimi olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,9%-ni (697 439 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 23,9%-ni (696 952 nəfər) 30-40 yaş aralığında olan vətəndaşlar, 21,6%-ni (627 993 nəfər) 40-50 yaş aralığında olan vətəndaşlar, 20,5%-ni (598 752 nəfər) 50-60 yaş aralığında olan vətəndaşlar, 10,1%-ni (294 032 nəfər) 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR