FHN rəsmisi: “Hamam otaqlarında qaz cihazlarının quraşdırılması qadağan edilib” - VİDEO

FHN rəsmisi: “Hamam otaqlarında qaz cihazlarının quraşdırılması qadağan edilib” - <span style="color: red;">VİDEO
# 24 oktyabr 2014 09:28 (UTC +04:00)


“Dəm qazı zəhərlənmələri ilə bağlı aparılan maarifləndirmə və təbliğat işləri nəticə verir, lakin belə halların təkrar baş verməsi göstərir ki, bu tədbirlər qənaətbəxş deyil. İnsanlar dəm qazının həyat üçün nə qədər təhlükəli olduğunu dərk etsələr, belə faciələrin baş verməsinin qarşısını bir o qədər almaq olar”.

Bu fikirləri APA TV-də efirə gedən “Sosium” verilişinin qonağı, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti üzrə Dövlət Agentliyinin baş məsləhətçisi və baş müfəttişi Eldar Əhmədov deyib.

Mütəxəssis mənzillərdə dəm qazının yaranma səbəblərindən danışıb: “Dəm qazı qaz yanacağının natamam yanması nəticəsində yaranır. Bu zaman ayrılan zəhərli qaz insanların tənəffüs etdiyi məkana daxil olur və birbaşa insanın qanına keçərək hemoqlobinə təsir edir və bir neçə dəqiqə ərzində ölümə səbəb olur. Müqayisə üçün deyək ki, əgər nəfəs aldığımız mühitdə havanın 0,3 faizi dəm qazı olarsa, bir neçə dəqiqə ərzində ölüm baş verə bilər. Bu gün dövlətin əsas prioritet məsələlərindən biri hər bir evin təbii qazla təmin olunmasıdır. Amma hər şeyə rəğmən insanlar istifadə etdikləri qazın nə qədər təhlükəli olduğunu dərk etmirlər”.

Nazirlik rəsmisi mənzillərdə təhlükəsiz qaz istismarının şərtləri barədə danışıb: “Təbii qazın 1 kub metrinin yanması üçün təxminən 10 kub metr hava lazımdır. Əks təqdirdə, yanmamış qaz yaranır. Mənzillərdə istifadə olunan qaz cihazları dövlət standartlarına və təhlükəsizlik tələblərinə cavab verməlidir. Qaz cihazı istifadə olunan otağın, mətbəxin və ya hamamın ölçüləri şərtlərə uyğun olmalıdır. Otağın hündürlüyü 2,20 metrdən aşağı olmamalıdır. Çünki yanmış qazlar və dəm qazı yuxarı toplandığı üçün birbaşa insanın tənəffüs yollarına daxil olur. Əgər kiçik tikilidə qaz cihazından istifadə olunarsa, eyni zamanda, havaçəkən cihazlar işləməzsə, yanmış qazın müəyyən hissəsi otaqda qalır”.

Eldar Əhmədov hamam otaqlarında qaz cihazlarının quraşdırılmasının qadağan olunduğunu bildirib: “2009-cu ilə qədər mövcud qanunvericiliklə hamam otaqlarında qaz cihazlarının qoyulmasına icazə verilirdi. Lakin təcrübə göstərir ki, istifadəçilər hamam otaqlarının isti olması üçün ya ventilyasiya borularının bağlayırlar, ya da hamam otağının bayırla əlaqəsinin kəsirlər ki, bu da faciələrə səbəb olur. Buna görə də 2009-cu ildə Şəhərsalma Komitəsi tərəfindən qəbul olunan qərara əsasən, hamam otaqlarında qaz cihazlarının quraşdırılması qadağan olunub. Mənzillərdə vaxtaşırı təmir işləri apararkən həmin cihazların çıxarılması məsləhətdir. Lakin əgər təmir imkanı yoxdursa, qaz cihazını çıxarmaq mümkün deyilsə, həmin otaqlar üçün nəzərdə tutulmuş tüstü və hava kanalları daim təmizlənməlidir. Çünki hal-hazırda yalnız köhnə binalarda və fərdi evlərdə hamam otaqlarında belə qızdırıcılardan istifadə olunduğundan, bu mənzillərdə də tüstü bacalarının vaxtaşırı təmizlənməsi məcburi şərt kimi qoyulmalıdır. Bu işin görülməsi üçün vətəndaşlar müvafiq qurumlara müraciət edə bilərlər. Bunlardan biri də Yanğından Könüllü Mühafizə Cəmiyyətidir. Eyni zamanda, bu işlə məşğul olan özəl şirkətlər mövcuddur. Bu şirkətlər xüsusi lisenziya almış qurumlardır və əhali qaz istismar sahələrinə müraciət edərək həmin qurumlar barədə məlumat ala bilərlər. Vətəndaşlar öz təhlükəsizliyini təmin etmək məqsədilə ildə ən azı bir dəfə bu bacaları təmizlətməlidir”.

Baş müfəttiş əhalinin qazdan istifadə qaydalarını bilmədiyini qeyd edib: “Əsas problemlərimizdən biri qaz istehlakçılarımızın qazdan istifadə qaydalarını bilməməsidir. Qanuna görə hər bir qaz istifadəçisi özünə aid olan qaz xətlərinin və avadanlıqlarının texniki sazlığını təmin etmək üçün müvafiq qurumla müqavilə bağlayıb bu qurumun mütəxəssislərinin dövri şəkildə xidmət göstərməsinə şərait yaratmalıdır. Bununla yanaşı, əgər hamam otaqlarında qaz cihazı quraşdırılıbsa, mütləq qapıda hava üçün dəliklər olmalıdır”.

Qonaq qaz idarəsi əməkdaşlarının və FHN nümayəndələrinin iştirakı ilə həyata keçirilən monitorinqlərdən danışıb: “Bu gün qaz təchizatı sistemində baş verən hallar FHN əməkdaşlarının iştirakı monitorinqlərin keçirilməsini zəruri edir. Bu sahədə baş verən hadisələrin səbəbi aşkardır. Bu səbəblər səhlənkarlıq, tikinti norma qaydalarının və təhlükəsizlik qaydalarının pozulmasıdır. Monitorinqlərini nəticəsi nazirliyin müvafiq qurumunda araşdırıldıqdan sonra təlimatların dəyişdirilməsi yəni, normativ sənədlərin ciddiləşdirilməsi nəzərdə tutulur. “Azəriqaz” İstehsalat Birliyinin xüsusi briqadaları da qaz istehlakçılarının avadanlıqlarını təhlil edib onlara müvafiq xəbərdarlıq edir. Lakin qeyd edək ki, bəzi mülkiyyətçilər öz mənzillərinə nəzarətçilərin daxil olmasına icazə vermir. Hal-hazırda öz şəxsi təsərrüfatında qaz cihazlarının təhlükəsizliyinə əmin olmayan istehlakçıların qazdan istifadəsi dayandırılır. Düzdür, bu, narazılığa səbəb olur”.

Eldar Əhmədov dəm qazı zəhərlənmələrinin və qazdan istifadə ilə bağlı yaranan qəzaların qarşısını nəzarət tədbirləri ilə yox, əhalinin maariflənməsi və məsuliyyətin dərk olunması ilə almağın mümkün olduğunu deyib: “Burada əsas şərt insanların bu məsuliyyəti dərk etməsidir. Əgər insanlar özlərinin və ailələrinin təhlükəsizliyi üçün səhlənkarlığın acı nəticəsini dərk etməsələr, heç bir nəzarət tədbirləri ilə bunu təmin etmək olmaz. Buna görə də mən bir mütəxəssis kimi məsləhət görürəm ki, ümumiyyətlə, hamam otaqlarında qaz cihazlarının yerləşdirilməsinə icazə verilməsin. İstehlakçılar qaz cihazlarını özləri quraşdırmasınlar. Hər bir qaz cihazının yerləşdirilməsi əvvəlcədən layihələndirilmiş şəkildə həyata keçirilməlidir. İstehlakçılar öz qaz avadanlıqlarının texniki sazlığını təmin etmək üçün müvafiq təşkilatlarla müqavilə bağlayıb, bu cihazların təhlükəsizliyinin məsuliyyətini onlara həvalə etsinlər. Bütün bunlara əməl olunsa, əminəm ki, qazdan istifadə heç vaxt arzuolunmaz hadisələrlə nəticələnməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR