ADİU-da Elm Günlərinə start verilib

ADİU-da Elm Günlərinə start verilib
# 11 noyabr 2014 14:23 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Ümumdünya elm günü” çərçivəsində ilk dəfə olaraq Elm Günlərinə start verilib.

ADİU-dan APA-ya verilən məlumata görə, açılışda çıxış edən ADİU rektoru, professor Ədalət Muradov bildirib ki, tədbirin əsas məqsədi prezident İlham Əliyevin elm ictimaiyyəti qarşısında qoyduğu vəzifələrə İqtisad Universitetinin potensialı çərçivəsində dəstək vermək, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ictimai elmlərin mövcud vəziyyəti və onun yaxşılaşdırması istiqamətində verdiyi tövsiyə və tapşırıqlardan irəli gələn vəzifələri yerinə yetirməkdir.

Rektor bildirib ki, Elm Günləri çərçivəsində keçiriləcək tədbirlərin əsas müzakirə mövzusu ali təhsil ocağının elm mərkəzinə çevrilməsi yolları, eləcə də ADİU-da tələbə və müəllim elmi əməkdaşlığının yeni mərhələyə yüksəlməsi, universitetdə həyata keçirilən tədqiqatların ölkənin iqtisadi potensialının artırılmasına töhfə verməsidir.

Ali məktəbdə elmi tədqiqatlar apara biləcək alimlərin kifayət qədər olduğunu vurğulayan rektor bu fəaliyyəti həyata keçirmək üçün ADİU-da institusional dəyişikliklərə başlanıldığını bildirib: “Bura “Elm və innovasiyalar” və “Texnologiya transfer” mərkəzlərinin yaradılması daxildir. Əsas məqsədimiz odur ki, alimlərimizin kəşfləri, yenilikləri patentləşdirilərək marağı olan təşkilatlara satılsın. Əminəm ki, qısa vaxt ərzində bu sahədə nailiyyətlər əldə edə biləcəyik. ADİU-da növbəti institusional dəyişikliklər sahəsində də işlər davam etdirilir. Bura ilk növbədə hər bir ixtisas kafedrasının nəzdində laboratoriyaların yaradılması daxildir”.

Ə. Muradov qeyd edib ki, alimlərin elmi fəaliyyətə həvəsləndirilməsinə dair tədbirlər nəzərdə tutulub. Bunun üçün universitetin 2015-ci il üçün hazırlanacaq büdcəsindən elmi tədqiqatların stimullşadırılması məqsədi ilə vəsait ayrılacaq.

İqtisad Universitetinin komandaların intellektual yarışlardakı uğurlarını xüsusi vurğulayan Ə. Muradov tələbələrin bu sahədə fəallığını daha da artırmaq üçün tələbələrdən ibarət komanda yaradaraq onlara ADİU-nun müəllimlərindən məşqçilər təyin etməyi təklif edib.
“Bütövlükdə ADİU-da həyata keçirilən iqtisadi layihələrin keyfiyyətinin artırılmasına ciddi ehtiyac var” deyən rektor əlavə edib ki, ADİU-da həyata keçirilən elmi tədqiqat layihələrinin maliyyələşdirmək istəyən təşkilatların sayını artırmaq istiqamətində işlərə başlanılıb: “Universitetimizdə elm günlərinin keçirilməsi ilə biz həm də Azərbaycanın elm ictimaiyyətinə, elmi fəaliyyətlə məşğul olan təşkilatlara bildiririk ki, ADİU elmi fəaliyyətin təşkili istiqamətində ciddi ambisiyalarla bazara girir. Bəyan edirik ki, bizim iqtisadçılar Azərbaycanda fəaliyyət göstərən iqtisadçı alimlər korpusunun əsasını təşkil edir və ADİU ilə əməkdaşlıq edəcək təşkilatlar universitetlə əməkdaşlıqdan bəhrələnəcəklər. Əminəm ki, 2015-ci ildə elmi fəaliyyətimizdə əldə edilən nailiyyətlər hamımızı sevindirəcək”.


Sonra tədbir müzakirələrlə davam etdirilib.

ADİU-da Elm Günləri noyabrın 13-dək davam edəcək. 3 gün ərzində simpozium, seminar, dəyirmi masa, təlim, master-klasslar, tanınmış alimlərlə görüş və elmi mühazirələrin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərin əsas müzakirə mövzusu universitetdə elmi fəaliyyətin populyarlaşdırılması, bakalavr və magistrların elmi fəaliyyətə maraqlarının artırılması, iqtisadi problemlər üzrə yeni diskussiya platformalarının yaradılması olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR