Sabah Bakıda “Xəzər: Ətraf mühit üçün texnologiyalar” 5-ci Yubiley Beynəlxalq Ətraf mühit sərgisi işə başlayır

Sabah Bakıda “Xəzər: Ətraf mühit üçün texnologiyalar” 5-ci Yubiley Beynəlxalq Ətraf mühit sərgisi işə başlayır
# 18 noyabr 2014 09:50 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün “Xəzər: Ətraf mühit üçün texnologiyalar” 5-ci Yubiley Beynəlxalq Ətraf mühit sərgisinin açılışı ilə əlaqədar mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə şöbəsinin müdiri Rasim Səttarzadə bildirilib ki, noyabrın 19-dan 21-nə kimi Bakı Ekspo Mərkəzində ətraf mühitin mühafizəsi üzrə 5-ci Yubiley Beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi keçiriləcək: "Bu sərgidə Xəzəryanı və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən mühüm tədbirdir. Sərgi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyi tərəfindən dəstəklənir. Artıq bu sərginin keçirilməsi ənənə halını alıb. Sabah da çox maraqlı görüşlər keçiriləcək və əməkdaşlıq sazişləri bağlanacaq".

ETSN rəsmisi əlavə edib ki, bu il sərginin fərqləndirici cəhəti çirkab suların turşulu qatışıqlar və ağır metallardan təmizlənməsi, suvarma üçün kənd təsərrüfatında və istehsalda təkrar istifadə məqsədilə radioaktiv suların təmizlənməsi sistemləri üzrə xarici ekspozisiyaların artmasıdır.

Daha sonra çıxış edən sərginin meneceri Jalə Məmmədova sərgi haqda məlumat verib. Bildirib ki, “STE” yubiley sərgisi Azərbaycan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Danimarka, İtaliya, İsveç, Rusiya, Serbiya, Türkiyə və digər ölkələrdən gələn şirkətləri bir meydançada toplayacaq: "Azərbaycanda keçirilən ekoloji sərgidə ilk dəfə olaraq Çexiyanın milli stendi də iştirak edir. Bu il iştirakçıların 40%-dən çoxunu debütantlar təşkil edir. Onların arasında həm yerli, həm də xarici şirkətlər var. Sərgidə ARDNŞ və BP şirkətləri tərəfindən suyun və qruntun təmizlənməsi, eləcə də zəhərli tullantıların idarə edilməsi üzrə yeni texnologiyalar da nümayiş etdiriləcək”.

Qeyd edək ki, sərginin sponsoru qismində “Evrascon” şirkəti çıxış edir. Sərgidə yerli şirkətlərin böyük qismini Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan MR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi habelə “Təmiz Şəhər” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Dövlət Aerogeodeziya Müəssisəsi, Bakı Kartoqrafiya Fabriki, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi, Dövlət Yerquruluşu Layihə İnstitutu və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi kimi dövlət strukturları təşkil edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR