Tuqay meşələrinin bərpası istiqamətində işlərə başlanıb

Tuqay meşələrinin bərpası istiqamətində işlərə başlanıb
# 04 sentyabr 2014 13:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda Kür çayı kənarında yerləşən Tuqay meşələrinin bərpası istiqamətində işlərə başlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov APA-ya açıqlamasında deyib ki, bu il bərpa işləri aparılacaq 200 hektar torpaq şumlanıb. Onun sözlərinə görə, bu ilin payızında orada bərpa işləri aparılacaq: “Hissə-hissə həmin meşələr bərpa ediləcək. Amma cari il 200 hektar ərazi nəzərdə tutulub. Meşə-bərpa tədbirləri, əkin-səpin işləri yaz-payız aylarında aparılır. Tuqay meşələri də əsasən Aran bölgələrində Kür və Araz boyu yerləşən meşələrdir. Ona görə də vegetasiya dövrü başa çatandan sonra işlərə başlanır. Təxminən sentyabrın axırı, oktyabrın ortalarında meşələrin bərpası istiqamətində işlərə başlanacaq”.

S.Salmanov qeyd edib ki, Tuqay meşələrinin bərpası işlərinin geniş bir massivdə aparılması nəzərdə tutulub. O vurğulayıb ki, ümumilikdə Tuqay meşələrinin bərpası 800 hektarı əhatə edəcək.

Nazirlik rəsmisi qeyd edib ki, bu gün Azərbaycanın 11,8 faizi meşə ilə örtüyüdür. S.Salmanovun sözlərinə görə, hələ Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaranmadan respublikanın meşə faizi 11,4 faiz təşkil edib: “Son 15-20 ildə aparılan meşə bərpa tədbirlərinin həcminin 2,5 dəfə artırılması son nəticədə 0,4 faiz meşə ilə örtülü ərazilərin artmasına səbəb olub. Bu da təxminən 1 milyon 21 min hektar ərazi deməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR