«Apple»in səhmlərinin qiyməti son bir ildə ən aşağı həddə düşüb

«Apple»in səhmlərinin qiyməti son bir ildə ən aşağı həddə düşüb
# 05 mart 2013 09:44 (UTC +04:00)

Bakı – APA-Economics. «Apple» şirkətinin səhmlərinin qiyməti son bir ildə ən aşağı həddə düşüb. Hazırda səhmlər 420,05 dollara satılır, şirkətin bazar qiyməti isə 394,45 mlrd. dollar təşkil edir. Xatırladaq ki, şirkətin səhmlərinin maksimal qiyməti 2012-ci ilin sentyabrında «iPhone 5» flaqman modelinin təqdimatından sonra qeydə alınıb. Həmin vaxt «Apple»in səhminin qiyməti 705,7 dollara qədər yüksəlib, şirkətin bazar qiyməti isə 600 mlrd. dolları keçərək dünyanın ən bahalı şirkətinə çevrilmişdi.

Lakin 2012-ci il üçün şirkətin maliyyə hesabatları açıqlanandan sonra şirkətin səhmlərinin kəskin ucuzlaşması başlanıb. Həmin hesabatlara görə, ötən il «Apple»in mənfəəti əvvəlki ilə nisbətən cəmi 1% artıb (13,1 mlrd. dollar), satışın həcmi isə 18% artıb və bu, 2009-cu ildən sonra ən aşağı artım göstəricisidir. Nəticədə, son 5 ayda şirkətin səhmləri 40%-dən çox ucuzlaşaraq il ərzində ən aşağı həddə düşüb.

Mütəxəssislərin fikrincə, investorlar «Apple»in inqilabi məhsullar buraxmaq bacarığına şübhə ilə yanaşmağa başlayıblar. Bundan başqa, investorlar diqqət yetirib ki, «Apple»in yeni məhsulların satışlarının həcmi satış başlayandan qısa müddət ərzində kəskin azalır. «Satışın kəskin azalması insanları narahat edir və onlar narahatdırlar ki, şirkət satışı artırmaq üçün yeni və maraqlı qurğular buraxa biləcəkmi», - deyə BTIG şirkətinin mütəxəssisləri bildirib. Ekspertlər bildirir ki, son vaxtlar yeni texnologiyalar bazarında alıcıları təəccübləndirmək getdikcə çətinləşir.

«Apple»in kağızlarının ucuzlaşması fonunda onun əsas rəqibi olan «Google»in səhmləri bahalaşmaqdadır. Dünən «Google»in səhmlərinin qiyməti 1,9% artaraq 821,5 dollarlıq tarixi maksimuma, şirkətin bazar kapitallaşması isə 270,82 mlrd. dollara çatıb. Bu artım «Google»in «Android» proqram təminatının populyarlığı ilə əlaqədardır. Mütəxəssislər mobil internet bazarının sürətlə inkişaf etdiyini nəzərə alaraq «Google»in səhmlərinin 900 dollara çatacağına şübhə etmirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR