ARDNŞ Nyu-Yorkda keçirilmiş Xəzər Forumunun əsas tərəfdaşı olub

ARDNŞ Nyu-Yorkda keçirilmiş Xəzər Forumunun əsas tərəfdaşı olub
# 30 sentyabr 2013 15:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu günlərdə ABŞ-ın Nyu-York şəhərində Xəzər Strateji İnstitutu (HASEN) tərəfindən təşkil olunmuş Xəzər Forumunda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) əsas tərəfdaş kimi iştirak edib.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, “Cənub Qaz Dəhlizi” layihəsi və bu layihənin Avropanın enerji təhlükəsizliyində rolu ilə bağlı məsələlərə həsr olunmuş Forumda dünyanın 27 ölkəsindən dövlət rəsmiləri, diplomatlar, millət vəkilləri, media rəhbərləri, çoxlu sayda ekspert və media nümayəndələri təmsil ediliblər.

Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaş İstanbulda keçirilmiş I Xəzər Forumunu xatırladaraq, budəfəki forumun məqsəd və məramından danışıb.

ARDNŞ-ın vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın ölkədə və xaricdə həyata keçirdiyi enerji layihələri, xüsusilə TANAP layihəsi barədə iştirakçılara ətraflı məlumat verib.

BP şirkətinin “Şahdəniz” layihəsi üzrə vitse-prezidenti Al Kook çıxışı zamanı Azərbaycanın regionun enerji təhlükəsizliyində oynadığı rola toxunub.

Albaniyanın, Bosniya və Herseqovinanın, eləcə də Makedoniyanın xarici işlər nazirləri Ditmir Buşati, Zlatko Laqumdjia və Nikola Poposki çıxış edərək, Azərbaycanın regionun enerji təminatındakı rolundan bəhs ediblər.

Forum çərçivəsində “Avropanın enerji təhlükəsizliyindəki məsuliyyət: “Cənub Qaz Dəhlizi” mövzusunda panel keçirilib. Tanınmış jurnalist, teleaparıcı Çarli Rouzun moderatorluq etdiyi paneldə Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Maya Pancikidze çıxış edib, jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Paneldə həmçinin ABŞ Dövlət Departamentinin təmsilçisi Karlos Pasqual və Avropa Birliyinin təmsilçisi Patrisia Florun çıxışları dinlənilib.

Qeyd edək ki, Xəzər Forumu Xəzər dənizi bölgəsinin iqtisadi, siyasi və strateji potensialının öyrənilməsi, iş birliyi və ortaqlıq sahələrinin müəyyən olunması üçün hazırlanan bir platformadır. Forumda beynəlxalq siyasətçilər, elm və iş dünyasının təmsilçiləri müzakirə və fikir mübadilələri keçirir, aktual problemlər ətrafında diskussiyalar aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR