® Qüdrət Həsənquliyev: “Cəmil Həsənlini yaxşıca təlimatlandırıb göndərirlər” - MÜSAHİBƏ

<font color=red>® </font>Qüdrət Həsənquliyev: “Cəmil Həsənlini yaxşıca təlimatlandırıb göndərirlər” - <span style="color: red;">MÜSAHİBƏ
# 03 oktyabr 2013 14:50 (UTC +04:00)

- Ölkədə seçki kampaniyası necə keçir? Bəzi rəqibləriniz seçki ab-havasının hiss olunmamasından şikayətlənirlər.

- Mən kampaniyanı ümumən normal hesab edirəm. Əlbəttə, istəyərdik ki, namizədlərin daha çox pulsuz efir vaxtından istifadə etmək imkanı olsun, digər televiziyalar da kampaniyaya qoşulsunlar, partiyalar büdcədən daha yaxşı maliyyələşsinlər və sair. Bütün bu arzu olunanlara baxmayaraq, ümumən seçki ab-havası normaldır. Ümid edirik ki, qanun pozuntuları olmayacaq və biz elə seçki keçirəcəyik ki, onun legitimliyinə heç kim şübhə eləməsin.

- Namizəd olaraq rayonlarda bir neçə görüş keçirmisiniz. Maneələr olub?

- Tək mən yox, heç bir namizəd hələ deyə bilməz ki, rayonlarda keçirilən görüşlərdə hansısa maneə olub. Eşitdiyim o olub ki, bir dəfə İqbal Ağazadə Ağstafada keçirdiyi görüşlə bağlı bu iddia ilə çıxış edib. Bizim rayon təşkilatının verdiyi məlumata görə, orada vəziyyət belə olub ki, görüş üçün stadion ayrılıb və stadiona kifayət qədər az adam gəlib. Sadəcə, görüşün təşkilatçıları tədbirin alınmadığını gizlətmək üçün deyiblər ki, guya onlara mane olublar.

- Siz həmin bölgədə görüş keçirmisinizmi?

- O bölgədə yox, başqa bölgədə keçirmişəm, amma heç bir problem olmayıb. Nəinki mənə qarşı, o biri namizədlərə qarşı da olmayıb. Hətta ən radikal çıxış edən Cəmil Həsənlidir, ona qarşı da olmayıb. Bu barədə heç nə deməyib. Hər halda hər debatdan əvvəl namizədlər yığışıb söhbət edirik, orada da bu barədə şikayətlənən yoxdur.

- Debatdan əvvəlki söhbətinizdə də debatdakı ab-hava olur?

- Yox. Orada Sərdar Cəlaloğlu öz lətifələri ilə gərginliyi aradan qaldırır, tamam başqa bir ab-hava olur. Debatlar başlayandan sonra hərə öz mövqeyini sərgiləməyə başlayır.

- Debatlarda ictimaiyyətdə birmənalı qarşılanmayan fikrilər səsləndirilir. Bu, normaldır?

- Əlbəttə, siz bilirsiniz ki, o vaxt orada Cəmil Həsənlinin ailəsi ilə bağlı fikir səsləndiriləndə mən buna çox kəskin etirazımı bildirdim. Söylədim ki, ümumiyyətlə, ailə məsələləri müzakirə mövzusu olmamalıdır, namizədin ancaq özünü tənqid eləmək olar.

Ümumiyyətlə, çox təəssüf ki, bir qrup insanlarda yanlış olaraq belə bir fikir var ki, “sən müxalifətsənsə, yalnız iqtidardan danışmalısan. Səninlə bərabər narazı elektoratın səsinə iddia edən, bəzən emosional çıxışlarla o təbəqəni özünə çəkmək istəyən digər namizədin haqqında heç nə söyləməmlisən”. Bu fikri aşılayanlar, xüsusilə Cəmil Həsənli göstərmək istəyirlər ki, digər namizədlər iqtidarı mənim kimi tənqid edə bilmirlərsə, deməli, bunlar müxalifət deyil. Hətta Cəmil Həsənli bir az da irəli gedərək bizi İlham Əliyevin vəkili olmaqda ittiham edir. Sözsüz ki, onun bu mövqeyi ilə də biz barışa bilmərik.

Ümumiyyətlə, Cəmil Həsənlinin indi sərgilədiyi mövqe çoxlarının, elə mənim də ondan gözləntilərimlə ziddiyyət təşkil edir. Ona görə ki, Cəmil Həsənlinin siyasi mövqeyi həmişə radikallıqdan uzaq olub. C. Həsənli özü də bilir ki, nəinki seçkilərdə qalib gələcək, heç narazı elektoratın əhəmiyyətli hissəsinin səsini də ala bilməyəcək. Ona sadəcə, yanlış taktika sırıyıblar. Ona sırıyıblar ki, “sən seçki kampaniyasını bu səpkidə qurmalısan”. Təəssüf ki, onu buna inandırıblar. Görünür, özünün də iqtidardan narazılığı var ki, bu qədər xidməti müqabilində deputat seçilməyib. O indi Əliyevlərin devrilməsindən danışır, amma vaxt vardı Əziz Əliyevdən tutmuş İlham Əliyevə qədər, onların Azərbaycan xalqı qarşısındakı xidmətlərindən yazırdı. Onun o yazdığı kitabları dünyanın hər yerində oxuyurlar, amma indiki çıxışını məhdud sayda insanlar izləyə bilir. Amma o kitablarda C. Həsənli Heydər Əliyevi “ümummilli lider”, “ulu öndər” və sair adlandırır, Azərbaycan qarşısındakı xidmətlərindən, İlham Əliyevin sayəsində Azərbaycanın lider dövlət olmasından yazır və sair. Dünya da Azərbaycanı C. Həsənlinin kitabı ilə tanıyır, seçki kampaniyasında dediyi fikirlərlə yox. Biz də indi təbii olaraq irad tuturuq ki, sən bu kitabları yazmısan, indi də belə danışırsan. Özü də o kitabların bir hissəsini sifarişlə yazıb, hansı ki, bu da araşdırmaçı alim üçün yaxşı hal deyil. Onun indi söylədiyi korrupsiya halları, pambığın qiymətinin aşağı olması və sair, o kitabları yazanda da vardı. Yəni bütün bunlar o, deputat seçilməyəndən sonra baş verməyib, ondan əvvəl də vardı. Biz də bunu deyəndə o, əlbəttə ki, əsəbiləşir. İstər-istəməz bu insanları təəccübləndirir ki, nə baş verib ki, indi C. Həsənli birdən-birə belə dəyişib? Bəli, korrupsiya var və biz də buna qarşı mübarizəni effektiv saymırıq. Amma bunu C. Həsənli kimi təqdim eləmək düzgün deyil. O, prezidentliyə namizəddən daha çox, sanki bir inqilab rəhbərinə bənzəmək istəyir. Amma şükürlər olsun ki, məsələn, Suriyadan fərqli olaraq burada heç olmasa min nəfər də tapılmır ki, əlinə silah alıb iqtidara qarşı vuruşsun. Əks halda bunlar Suriyadakı fətvalardan da verərdilər.

Misirdəki hadisələrdən örnək götürmək lazımdır. Bu gün C. Həsənli oradakı hadisələri burada təkrar elətdirmək istəyir. O ölkəni, dövlətçiliyi təhlükə altına atır. Bizim istədiyimiz o deyil ki, bu gün əldə olanları dağıdaq. Bizim istədiyimiz odur ki, bu gün pis-yaxşı Azərbaycan üçün çox işlər görülüb və biz bunu bir az da inkişaf elətdirib növbəti mərhələyə çatdıraq.

Amma C. Həsənlinin radikal çıxışlarına baxmayaraq, mən namizəd olaraq onun mövqeyini elə də təhlükəli hesab eləmirəm. Çünki o, istədiyi elektoratın səsini ala bilməyəcək.

- Debatda AXCP sədri Əli Kərimlinin son illərdə 8 milyon dollar vəsait xərclədiyini açıqladınız. Haradan almışdınız o sənədləri?

- O sənədlər kifayət qədər mötəbər mənbələrdən mənə daxil olub. Orada bu vəsaitin bir hissəsinin onun özü, bir hissəsinin oğlu, bir hissəsinin də yaxın qohumları tərəfindən son 3 il ərzində mədaxil və məxaric olunması tarixləri ilə qeyd edilib. Sözsüz ki, bu vəsaitin haradan əldə edildiyi ciddi araşdırma tələb edir və bu, mənim yox, aidiyyəti qurumların işidir.

Mənim Əli Kərimli kimi başqalarının özünün və qohumlarının var-dövlətini, pulunu saymaq fikrim yoxdur. Sadəcə, debatdan bir neçə gün qabaq onun müavinlərindən biri ilə söhbət edirdim. O dedi ki, AXCP-nin təşkilat şöbəsinin müdiri Şahin Həsənov hər ay cəbhəçilərdən Əli Kərimlinin yeni aldığı maşının kredit borcunu ödəmək üçün pul toplayır. Bu da cəbhəçilər arasında ciddi narazılığa səbəb olub. Onlar narazılıq ediblər ki, heç olmasa, daha ucuz maşın götürmək olardı. Əli Kərimli isə deyib ki, bahalı maşında gəzmək prestijdir və vacibdir. Əslində bu adam bu qədər ağır maddi durumu ilə ona dəstək verən adamlardan, onların etibarından sui-istifadə edir. Ehtiyacı olmaya-olmaya onların gözündə özünün imkansız görüntüsünü yaratmaq üçün pul toplayır. Bunun özü də etibardan sui-istifadədir. Mən məhz bunu sübut etmək üçün o faktı söylədim. Yoxsa, Əli Kərimlinin pulunu saymaq mənim işim deyil.

- Onun bu barədə açıqlaması ilə tanış oldunuz?

- Bəli...

- Qane elədi sizi?

- Əlbəttə, yox. Birincisi o deyib ki, qaldığı ev qohumun evidir. O zaman niyə ad çəkmir ki, hansı qohumundur? İkincisi, deyir ki, gedin internetdən girin araşdırın ki, oğlumun təhsil haqqı nə qədərdir. Axı niyə özü demir ki, nə qədərdir? Daha bunun nəyi açıqlama oldu?

Səkkiz milyonluq vəsait məsələsi ilə bağlı açıqlamasına da baxdım. O inkar edir ki, bu vəsaitin ona aidiyyəti yoxdur, qohumlarının da qoyub-götürdüyü pulların ona aidiyyəti yoxdur. Amma başqasının qohumlarının pulunu sayır və birbaşa onlara aidiyyəti olduğunu bildirir. Necə olur ki, kasıb cəbhəçinin hər ay aldığı maaşı özünə aid bilib, ondan kredit pulu toplatdırır, amma qohumlarının milyonlarının ona aidiyyəti olmur? Hansı ki, o adamlar o pulları Əli Kərimlinin yaxınları olduqları üçün qazana biliblər. Deyib ki, qaynının vəzifəsi banka pul qoyub-çıxartmaq olub. Dünyanın hansı ölkəsində bankın filial müdirinin müavinin vəzifəsi banka öz adına milyonlarla vəsait qoyub çıxartmaq olub? Bu nə məntiqdir? Bank da, onun əməkdaşları da başqalarının apardığı idxal-ixrac əməliyyatını həyata keçirir, bu əməliyyata nəzarət edir. Bankda filial müdirinin müavini nə vaxtdan öz şəxsi hesabında şübhəli mənbələrdən gələn yüz minləri daşıyan olub? Əli Kərimli o açıqlamasında bu sualların heç birinə cavab verməyib.

- Təşviqat mitinqinizlə bağlı bir video yayılıb. Nə dərəcədə həqiqətdir bu?

- Mitinq qurtarana yaxın mənə bir xanım jurnalist yaxınlaşdı. Mənə sual verdi ki, mitinqi yarımçıq tərk edənlərlə bağlı nə deyə bilərsiniz. Mən də dedim ki, biz insanları dəvət etmişik, kimisi axıra qədər qala bilər, kimisi də on dəqiqə qalıb gedə bilər. Onsuz da həmin gün hava yağıntılı idi deyə, biz insanları çox saxlamadıq, mitinqi tez bitirdik. Amma o jurnalistə dedim ki burada provokasiya da ola bilər. Elə o xanım jurnalistin də sualları bu tipli idi. Sonradan müəyyənləşdirdim ki, həmin jurnalist Əli Kərimliyə yaxın jurnalistlərdəndir.

Yeri gəlsə mən də bunu təşkil edərəm. Məsələn, Cəmil Həsənlinin mitinqi zamanı mən də 50 nəfər və özümə yaxın jurnalistləri göndərə bilərəm və onlar da o jurnalistə təxribat xarakterli açıqlamalar verə bilərlər.

- Debatlarda çıxışlarınızı kim hazırlayır?

- Bilirsiniz, mən siyasətdə yeni deyiləm ki, çıxışımı kimsə hazırlasın. Ona görə də elə hazırlanmış çıxışla gəlmirəm, şəraitdən asılı olaraq əvvəldən özüm planımı tutub gəlib çıxış edirəm.

- Bəs sizcə opponentlərinizin çıxışlarınızı hazırlayırlarmı?

- Məsələn, bilirəm ki, Cəmil Həsənliyə müəyyən rəqəmləri əvvəldən verirlər. Axırıncı çıxışında əlində rəqəmlərdən çap olunmuş kağız da vardı. Məndə belə bir fikir var ki, onu yaxşıca təlimatlandırıb göndərirlər. O, hər çıxışdan sonra qərargaha gedəndə Əli Kərimli tərəfindən öyrədilmiş gənclər “Yaşa, Cəmil Həsənli!” və sair pafoslu çıxışları ilə onu qarşılayıb alqışlayırlar ki, bu da ona təsirsiz ötüşmür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR