Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu I rübdə 70% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu  I rübdə 70% artıb
# 10 may 2013 12:59 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci rübü ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 10,7 mlrd. ABŞ dolları təşkil edib, onun 8,5 mlrd. dollarlıq hissəsi ixracın, 2,2 mlrd. dollarlıq hissəsi isə idxalın hesabına yaranıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 6,3 mlrd. dollarlıq müsbət saldo yaranıb.

Ötən ilin yanvar-mart aylarına nisbətən xarici ticarət dövriyyəsinin həcmi 35,4%, o cümlədən ixrac 46,6%, idxal isə 4,8% artıb. Müsbət saldo ötən ilin ilk rübündəkindən 70,3% çox olub.

«Bu dövr ərzində dünyanın 124 ölkəsi ilə ticarət əlaqəsi aparılıb, 63 ölkəyə əmtəə ixrac olunub, 115 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 21-i Amerika, 47-si Avropa, 34-ü Asiya və s. ölkələridir», - deyə Komitədən bildirilib.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib.

Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-mart ayları ilə müqayisədə 28,3% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR