Sabah Bakıda beynəlxalq neft-qaz sərgisi başlayır

 Sabah Bakıda beynəlxalq neft-qaz sərgisi başlayır
# 03 iyun 2013 11:39 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bununla bağlı bu gün Bakıda keçirilən mətbuat konfransında bildirilib ki, ilk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş «Əsrin müqaviləsi»nin imzalanması ərəfəsində keçirilib.

Keçirildiyi illər ərzində sərgidə 70-dən çox ölkədən 5 600 şirkət iştirak edib. Sərginin təzə meydançada - Bakı Sərgi Mərkəzində keçirilməsi isə onun inkişafına yeni təkan verərək sərgi tarixində mühüm hadisəyə çevrilib.

Sərginin təntənəli açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir ki, təşkilatçıların sözlərinə görə, bu da tədbirin yüksək statusunu bir daha təsdiqləyir. Ənənəvi olaraq bu il də sərgi və konfransda yüksək səviyyəli qonaqların iştirakı gözlənilir. «Xəzər neft və qaz-2013» sərgi və konfransının VIP qonaqları arasında Gürcüstanın energetika naziri Kaxa Kaladze, Azərbaycanla ticarətin inkişafı üzrə Böyük Britaniya baş nazirinin xüsusi diplomatik elçisi Çarlz Hendri, İsveç Ticarət Nazirliyinin dövlət katibi Qyunnar Oom, Energetika Xartiyasının baş katibi Urban Rusnak, Türkmənistanın neft-qaz sənayesi və təbii ehtiyatlar nazirinin müavini Annageldi Mammetyazov və digər şəxslər var.

Yubiley sərgisi neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi ilə məşğul olan, habelə servis xidmətləri göstərən 28 ölkədən 386 şirkəti bir araya gətirir. Sərgi Mərkəzin 3 pavilyonunda, eləcə də komplekslə yanaşı açıq meydançada keçiriləcək. Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya kimi 5 ölkə sərgidə öz milli qrupları ilə təmsil olunacaq. Ötən il ilə müqayisədə sərgi meydançalarının həcmi 22%, eksponentlərin ümumi sayı isə 25% artıb. Daha öncə Azərbaycan bazarında fəaliyyət göstərməyən və ümumi iştirakçıların 20%-ni təşkil edən yeni şirkətlər isə sərgiyə marağın azalmadığına sübutdur. Sərgiyə qatılan yerli şirkətlərin sayı iştirakçıların ümumi sayının 30%-ni təşkil edir. Sərgiyə rekord sayda – 20 şirkət sponsorluq edir.

«Xəzər neft və qaz-2013» sərgisinin baş sponsoru Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), qızıl sponsorları isə «BP-Azerbaijan» və «Statoil» şirkətləridir.

Bu il iyunun 5-də öz işinə başlayan ənənəvi konfrans ilk dəfə olaraq «Jumeirah Bilgah Beach Hotel» mehmanxanasında keçiriləcək. Konfransın əsas mövzuları arasında «Avrasiya üçün enerji təchizatının və enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu», «Hasilatın artırılması və diversifikasiyası sahəsində beynəlxalq əməkdaşlıq» və s. mövzular var.

Qeyd edək ki, 600 nümayəndə heyətinin qatılacağı konfransda 50-dən çox məruzəçi çıxış edəcək. Konfransın proqramına ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia, Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə elçisi Çarlz Hendri, Türkmənistanın neft-qaz sənayesi və təbii ehtiyatlar nazirinin müavini Annageldi Mammetyazov, İran Neft Nazirliyinin Avropa, Amerika və Xəzər dənizi ölkələri üzrə şöbəsinin baş direktoru Huseyn Esmaili Şahmirzadə və Estoniyada yerləşən Müdafiə Tədqiqatları Beynəlxalq Mərkəzinin direktoru Metyu Brayzanın çıxışları daxil edilib.

Sərgi çərçivəsində BP şirkəti və onun «Azəri-Çıraq-Günəşli» (AÇQ), Bakı-Tbilisi-Ceyhan (BTC), «Şahdəniz» və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələri üzrə tərəfdaşları «Alıcılarla tanış olun» (Meet the Buyer) şüarı altında tədbir keçirəcək. Bu tədbirdə istismar təminatı, mühəndis-texniki işlər, tikinti, maddi-texniki təchizat, tullantıların toplanması və utilizasiyasının təşkili, habelə müxtəlif işgüzar xidmətlərin göstərilməsi sahələrində ixtisaslaşmış 90-a yaxın yerli şirkət iştirak edəcək.

Sərgi-konfransın təşkilatçıları qismində Britaniyanın «ITE Group plc.» və onun tərəfdaşı «Iteca Caspian» şirkətləri çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR