Müəllif Hüquqları Agentliyi 5-dən çox plagiat dərslik və dərs vəsaiti ilə bağlı məlumatları Təhsil Nazirliyinə göndərib

Müəllif Hüquqları Agentliyi 5-dən çox plagiat dərslik və dərs vəsaiti ilə bağlı məlumatları Təhsil Nazirliyinə göndərib
# 03 aprel 2013 12:30 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Son 5 ildə Müəllif Hüquqları Agentliyi (MHA) 5-dən çox plagiat dərslik və dərs vəsaiti ilə bağlı məlumatları Təhsil Nazirliyinə göndərib. Bunu APA-ya açıqlamasında Agentliyin hüquq şöbəsinin müdiri Xudayat Həsənli deyib. Onun sözlərinə görə, 5-dən artıq dərsliklə bağlı məlumatlar Təhsil Nazirliyinə, 3 fakt AMEA-ya, 1-i isə Mədəniyyət və Turizm Nazirliyinə göndərilib.

Son 5 ildə Agentlik tərəfindən 32 plagiat faktı aşkarlanıb. Onların 15-i son 2 ilin payına düşür. Plagiat faktlarının əksəriyyəti dərslik və dərs vəsaiti ilə əlaqədar olub. Bu faktların hər biri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun müddəalarına uyğun olaraq araşdırılıb: “Bu dərsliklərə Təhsil Nazirliyi tərəfindən qrif verilib. Bununla əlaqədar məsələnin araşdırılması və tədbir görülməsi bu nazirliyin səlahiyyətlərinə daxildir”.

Agentlik tərəfindən Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri İlqar Hüseynovun şərikli müəllifi və müstəsna hüquq sahibi olduğu dərsliklərinin və müəllifi olduğu monoqrafiyasının plagiat olmasına dair yeni faktlar da aşkara çıxarılıb: “Bununla əlaqədar bir müddət əvvəl həmin universitetinin sabiq müəllimi Elmira Alxasova Agentliyə müraciət eləmişdi. Təhsil Nazirliyindən mətbuata bildirilmişdi ki, MHA plagiat faktının təsdiqi barədə nazirliyə rəy göndərsə, onlar bu məsələyə baxa, hətta qrifi ləğv edə bilərlər. Artıq 2 aydan çoxdur ki, İ. Hüseynovun “Qədim dünya mədəniyyəti” və “Kulturologiya tarixi” dərslikləri ilə bağlı rəy TN-ə göndərilib, lakin hələ də bu dərsliklərlə əlaqədar görülən tədbirlər barədə Agentliyə rəsmi məlumat daxil olmayıb. Bir daha bilririəm ki, bu müəllifin adıçəkilən dərsliklərində çoxsaylı plagiat faktlarına yol verilib. Ağayar Şükürovun “Kulturologiya” dərsliyindəki bəzi sözlər dəyişib, bəzi cümlələr və abzaslar ixtisar olunub, bu kimi bir neçə hal istisna olmaqla bir sıra mətnlər olduğu kimi İ. Hüseynovun kitablarında verilib. Qanunun 19-cu maddəsinin tələbinə görə, başqa müəllifin qanuni dərc edilmiş əsərindən müəllifin razılığı olmadan və müəllif qonorarı verilmədən istifadəyə icazə verilir. Lakin istifadə olunan əsərin müəllifi və götürülmə mənbəyi mütləq göstərilməlidir. Kitabın ədəbiyyat siyahısında İ. Hüseynov istifadə etdiyi müəlliflərin və ədəbiyyatların adını göstərib. Bununla da guya qanunun 19-cu maddəsinin tələblərinə riayət olunub. Əslində isə qanunun 19-cu maddəsinin tələbləri çox kobud şəkildə pozulub. Çünki həmin köçürülən abzaslar sitat şəklində verilməyib, bütöv mətn verilib, istifadə olunan mənbə konkret olaraq göstərilməyib, həmin hissələr İ. Hüseynova məxsus əqli mülkiyyətin nəticəsi kimi öz əksini tapıb. Sonrakı araşdırmalar göstərdi ki, Ağayar Şükürovdan başqa, İ. Hüseynov tərəfindən 5-dən artıq müəllifdən və internetdən tapılmış 3 mənbədən də köçürməyə yol verilib. Bunlar hələ müəyyənləşdirilən faktlardır. Araşdırmalar davam edir”.

X. Həsənli deyib ki, bu kitablar həm universitetin fakültə şurasında , həm TN-nin elmi metodiki şurasında müzakirə olunub: “MHA qanun çərçivəsində öz səlahiyyətinə aid olan məlumatları nazirliyə göndərib. Bundan sonrakı prosesin məsuliyyəti nazirliyin üzərinə düşür”.

Hüquq şöbəsinin müdiri deyib ki, bunlarla yanaşı, Təhsil Nazirliyi tərəfindən qrif verilmiş daha bir plagiat dərsliklə əlaqədar Nərimanov Rayon Məhkəməsində iddia qaldırılıb: “Söhbət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi Hənifə Qurbanovun “Fiziki tərbiyənin tədrisi metodikası” dərsliyindən gedir. Bu dərsliyin plagiat olması barədə vaxtilə Bədən Tərbiyəsi və İdman Akademiyasında işləmiş Zeynəb Rzayevanın oğlu Rasim Rzayev tərəfindən iddia qaldırıb. H. Qurbanovun kitabında Z. Rzayevanın “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası” kitabından köçürməyə yol verilib”.

X. Həsənlinin sözlərinə görə, Pedaqoji Universitetin müəllimləri Ə. Paşayev, F Rüstəmovun şərikli müəllifliyi ilə hazırlanıb 2002-ci ildə nəşr edilmiş “Pedaqogika. Yeni kurs” adlı dərs vəsaiti ilə bağlı Agentlik tərəfindən bir neçə il əvvəl məsələ araşdırılıb və tədbir görülməsi üçün 2009-cu ildə TN-ə göndərilib: “Məlum olub ki, həmin dərs vəsaiti Moskvada nəşr olunmuş “Pedaqoqika. Novıy kurs” adlı dərsliyin tərcüməsidir. Bu dərslik hətta yenidən təkrar nəşr də olunub. Problem ondadır ki, bu kitablara çox titullu adamlar rəy verir və plagiatçılığı faktiki olaraq rəsmiləşdirirlər. Çox təəssüf ki, bəzən plagiat dərsliklərin müəllifləri müdafiə olunur. Amma plagiatı gizlətmək və ört-basdır etmək mümkün deyil. Sadəcə olaraq, bu məsələnin həllini müəyyən qədər ləngitmək olar. Amma yaxşı olardı ki, elmə, təhsilə, mədəniyyətə ciddi zərbə vuran plagiatla əlaqədar faktları gizlətməyə, müdafiə etməyə cəhdlər etməkdənsə, bu problemin aradan qaldırılması üçün tədbirlər görülsün”.

X. Həsənli qeyd edib ki, indiyədək MHA tərəfindən həm bu dərslik, həm də 2005-ci ildə orta məktəblərin 8-ci sinifləri üçün “Azərbaycan dili” dərsliyi ilə bağlı rəylər də TN-ə göndərilib. Bunlarla yanaşı, indiyədək MHA tərəfindən 2005-ci ildə ibtidai siniflər üçün Təsviri incəsənət dərsliyinin və “Elektrik sistemlərində keçid problemləri” adlı ali məktəb dərsliyinin plagiat olması da aşkarlanıb.

Agentlik rəsmisi qeyd edib ki, zərurət olarsa, adları çəkilən dərsliklərin plagiat olması ilə bağlı bütün faktlar və digər əlavə məlumatlar təqdim oluna bilər: “Amma hesab edirəm ki, bunlar plagiatı sübut etmək üçün kifayətdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR