AEBA icraçı direktorunun keçmiş müavini: “İranın səhrada gizli uran zənginləşdirilməsi zavodu fəaliyyət göstərir”

AEBA icraçı direktorunun keçmiş müavini: “İranın səhrada gizli uran zənginləşdirilməsi zavodu fəaliyyət göstərir”
# 04 mart 2013 06:44 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İran səhrada gizli uran zənginləşdirilməsi zavodunu işə salıb və nüvə bombası istehsal etməklə məşğuldur”. APA-nın “Deutsche Welle” teleradiosunun fars redaksiyasına istinadən verdiyi məlumata görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktorunun keçmiş müavini Ola Haynonen deyib.

Finlandiyalı mütəxəssis bildirib ki, bununla bağlı məlumatı 2003-cü ildə İranın Qum şəhəri yaxınlığındakı yeraltı “Fordo” nüvə obyektinin mövcudluğu barədə ona informasiya ötürən mənbə verib: “Ancaq təhlükəsizlik məsələsinə görə həmin şəxsin adını açıqlamıram”.

O. Haynonen vurğulayıb ki, son aylarda İranın Ərak şəhərindəki nüvə reaktorunun da fəaliyyəti aktivləşib: “AEBA 18 aydır, bu obyektdə təftiş apara bilmir. Çünki rəsmi Tehran buna icazə vermir”.

Finlandiyalı mütəxəssis AEBA-nın keçmiş icraçı direktoru Məhəmməd əl-Baradeyini İranın nüvə proqramına yardım göstərməkdə də günahlandırıb: “əl-Baradeyi İranın nüvə dövlətinə çevrilməsi təhlükəsini diqqətə almayıb. Onun agentliyə rəhbərliyi zamanı İrana qarşı ciddi ittihamlar səsləndirilsə də, əl-Baradeyi bu məsələləri daim kiçik göstərməyə çalışıb. Hətta 2008-ci ildə əl-Baradeyi İranın verdiyi məlumatların AEBA-nın məruzələri ilə üst-üstə düşdüyünü bildirib”.

Qeyd edək ki, İranın Qum şəhəri yaxınlığındakı yeraltı “Fordo” nüvə obyektinin mövcudluğunu ilk dəfə 2003-cü ildə O. Haynonen açıqlayıb. Lakin dünya ictimaiyyəti bununla bağlı yalnız 6 il sonra, 2009-cu ildə İran məlumatı təsdiqlədikdən sonra xəbər tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR