Ombudsman Xaçmaz rayon Polis Şöbəsinin saxlanma yeri ilə bağlı DİN-ə müraciət edib

Ombudsman Xaçmaz rayon Polis Şöbəsinin saxlanma yeri ilə bağlı DİN-ə müraciət edib
# 31 yanvar 2013 10:17 (UTC +04:00)

Bakı-APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Quba hadisələri zamanı həbs olunmuş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan 6 şəxslə görüşüblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə məqsədlərdən biri də həmin şəxslərin Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlanılma yerində saxlanma şəraiti ilə bağlı etdikləri narazılıq olub.

Həmin şəxslərin hər biri diqqətlə dinlənilib, qaldırdıqları məsələlərlə bağlı qeydlər edilib.

Onların diqqətinə çatdırılıb ki, Xaçmaz RPŞ MSY-nin saxlanma şəraitinin vəziyyəti Müvəkkilin diqqətindədir. Belə ki, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri artıq həmin müəssisəyə başçəkmə həyata keçirib və saxlanılma şəraitinin standartlara uyğunlaşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib. DİN-dən Xaçmaz RPŞ MSY-də saxlanılma şəraitinin təkmilləşdirilməsi üzrə işlər görüldüyü və zəruri tədbirlərin davam etdirildiyi bildirilib.

Bakı İstintaq Təcridxanasında saxlanılan həmin şəxslər burada saxlanılma şəraiti və əməkdaşların onlara qarşı rəftarından şikayətlərinin olmadığını söyləyiblər.

Görüşün nəticələri ilə bağlı təcridxana rəhbərliyinə tövsiyələr verilib, Xaçmaz RPŞ MSY ilə bağlı qaldırılan məsələlərlə əlaqədar isə Müvəkkil tərəfindən DİN-ə müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR