Azpromo yenidən WAIPA-nın İdarəetmə Komitəsinə regional direktor seçilib

Azpromo yenidən WAIPA-nın İdarəetmə Komitəsinə regional direktor seçilib
# 18 fevral 2013 11:00 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Cenevrədə (İsveçrə) İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) 18-ci Dünya İnvestisiya Konfransı keçirilib.

«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, tədbirdə birbaşa investisiyaların cəlb olunmasının cari vəziyyəti və qlobal meylləri, infrastruktur sahəsinə investisiyalar, biznes mühiti reytinqlərin təsiri, biliklərə əsaslanan birbaşa xarici investisiyaların cəlb olunması mövzusunda müzakirələr aparılıb.

Konfrans çərçivəsində WAIPA-nın İdarəetmə Komitəsinə seçkilər keçirilib və nəticədə Azpromo yenidən 2 il müddətinə təşkilatın İdarəetmə Komitəsinə Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktoru seçilib. Bu vəzifəni icra edərək Azpromo tərəfindən WAIPA-nın missiyasının Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda tətbiqi, investisiyaların cəlb olunması və regional əməkdaşlığın təşviqi həyata keçiriləcək, bu isə Azərbaycanın regionda nüfuzunun daha da artmasına xidmət edəcək.

Qeyd edək ki, WAIPA 1995-ci ildə Cenevrədə yaradılıb və hazırda təşkilatın 162 ölkədən 244 üzvü var. WAIPA-nın əsas məqsədi investisiyalara kömək üzrə agentliklər arasında əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb edilməsi sahəsində informasiya mübadiləsi və üzv təşkilatlara investisiyalara kömək üzrə strategiyanın formalaşmasında yardım göstərməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR