Bakı. Fərid Mirzəyev – APA. Bu gün “Xəzər: Ətraf mühit üçün texnologiyalar” VI Azərbaycan beynəlxalq ətraf mühit sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.
APA-nın xəbərinə görə, mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və digər şəxslər iştirak ediblər.
Mətbuat konfransında bildirilib ki, 18-20 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir.
“CTE” sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.
Bu il sərgidə Azərbaycan, Almaniya, Çexiya, Rusiya, Türkiyə, İsveçrə və digər ölkələrdən 35 şirkət iştirak edəcək.
Sərginin yerli iştirakçılarının böyük əksəriyyətini Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, eləcə də bu il sərgidə ilk dəfə iştirak edən Təhsil Nazirliyi kimi dövlət strukturları təşkil edir. Sərgidə həmçinin “Təmiz Şəhər” ASC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Ekol” və “Yağmur-2” şirkətləri iştirak edir. Bundan başqa, SOCAR və BP kimi neft şirkətləri suyun, torpağın təmizlənməsi və toksin tullantıların idarə edilməsi üzrə texnologiyaları təqdim edəcəklər.