Azərbaycanda çirkab suları dənizə axıdan hotel və istirahət mərkəzləri bağlanacaq

Azərbaycanda çirkab suları dənizə axıdan hotel və istirahət mərkəzləri bağlanacaq
# 28 sentyabr 2012 13:54 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Günü münasibətilə Bakıda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, son vaxtlar xüsusilə dəniz kənarında yerləşən turizm obyektləri tərəfindən çirkab sularının dənizə axıdılması və bunun nəticəsində həmin ərazilərdə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı siqnallar daxil olur.

Belə vəziyyətin ən çox ölkənin şimal sahillərində, o cümlədən Nabranda müşahidə olunduğunu bildirən nazir, bunun qarşısını alınması üçün elə tədbirdəcə Mədəniyyət və Turizm Nazirliyinin qurumlarına tapşırıqlar verib. Turizm şirkətlərindən birindən çirkab sularını hara axıtması ilə maraqlanan nazir qeyd edib ki, şirkətlərin çox az hissəsi bu suların təmizlənməsinin qayğısına qalır – qalanları heç bir təmizləmə aparmadan tullantıları dənizə axıdır. Ə.Qarayev gələn yay mövsümünədək bütün dənizkənarı obyektlərdə çirkab sularını təmizləmə qurğularının qurulmasını vacib sayıb və Nazirliyin turizm şöbəsinə bu məsələyə nəzarət etməyi tapşırıb.

Bu tələb nəinki fəaliyyətdə olan, hətta tikilməkdə olan obyektlərə də şamil ediləcək. Belə ki, tikilməkdə olan obyektlərdə gigiyenik qaydalara əməl olunması ilə bağlı qurğuların nəzərdə tutulmaması həmin obyektin tikintisinin dayandırılması və hətta sökülməsi ilə nəticələnəcək. Bu işlərə nəzarət etməyi Nazirliyin investisiya şöbəsinə həvalə edən nazirin sözlərinə görə, bu prosesə Ekologiya və Təbii Sərvətlər, eləcə də Fövqəladə Hallar nazirlikləri cəlb olunacaq.

Ümumiyyətlə, nazirin sözlərinə görə, tikilməkdə olan turizm obyektlərində onların göstəricilərinin standartlara uyğun olub-olmaması ilə bağlı araşdırmalar aparılacaq, mənfi hal aşkar edilsə tikinti dayandırılacaq: «Biz belə tədbirlərə ilk dəfədir ki, əl atırıq. Amma bu məsələ mühüm olduğuna görə, ona tam əməl olunmalıdır».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR