Zakir Mahmudov: “Çantamı tez-bazar yığıb, “Xəzər Lənkəran”a gedə bilmərəm”

Zakir Mahmudov: “Çantamı tez-bazar yığıb, “Xəzər Lənkəran”a gedə bilmərəm”
# 16 mart 2012 11:42 (UTC +04:00)
Bakı – APA. “Düzdü, Yunis Hüseynov məni “Xəzər Lənkəran”a dəvət edib. Ancaq hələlik “Karvan”ın baş məşqçisiyəm. Sabah komandanı çempionatın növbəti turunda “Şuşa” ilə səfər oyununa çıxaracağam”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Karvan”ın baş məşqçisi Zakir Mahmudov deyib.

Dünən “Xəzər Lənkəran”ın “sükanı arxası”na keçən Yunis Hüseynovun köməkçilərindən biri yaxşı tanıdığı Mahmudov olacaq. Onlar uzun illər elə “Karvan”da, həmçinin “Standard”da birgə çalışıblar.

Mahmudov isə öz növbəsində Hüseynovla yenidən işləmək istədiyindən, dəvəti müsbət qəbul edib: “6 il birgə çalışmışıq. Bildiyiniz kimi, uzun müddət işsiz idi. Elə mən də bu müddətdə demək olar işsiz qalmışdım. Sadəcə, cari mövsümün əvvəlində Yunis müəllim mənə dedi ki, get, “Karvan”a kömək elə. Bu komanda da mənə doğma olduğundan, razılıq verdim. Sevindirici haldır ki, Yunis müəllimə də dəvət gəldi. Onun kimi futbolçu, məşqçi işləməlidir. Hüseynov “Xəzər Lənkəran”ı qaldırmaq üçün bütün bacarığını ortaya qoymalıdır”.

Maraqlıdır ki, “Karvan”ın növbəti mövsümdə Premyer Liqaya yüksəlmək şansı var ki, Mahmudov da burada baş məşqçi kimi debüt edə bilər. Ancaq Mahmudov buna iddialı deyil: “Düzdür, işlərimiz yaxşıdır, 2-ci yerdəyik. Ən yaxın izləyicimizdən 9 xal irəlidəyik. Ancaq Hüseynovla işləmək daha rahatdır”.

İstənilən halda, Mahmudov Yevlax təmsilçisindən gedişi məsələsini həll etməlidir. O da rəhbərliklə görüşüb, halallıq almağı vacib sayır: “Mən çantamı tez-bazar yığıb, “Xəzər Lənkəran”a gedə bilmərəm. Öncə klubun prezidenti ilə danışmalıyam. Ona da deyilmişdi ki, mən “Karvan”a müvəqqəti kömək edirəm, gələcəkdə Yunis Hüseynovdan dəvət olsa, onun yanına gedəcəyəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR