ARDNŞ: “Sulutəpədə söküntü zamanı təxribat törədən şəxslərdən biri də İdrak Abbasov da olub”

ARDNŞ: “Sulutəpədə söküntü zamanı təxribat törədən şəxslərdən biri də İdrak Abbasov da olub”
# 19 aprel 2012 16:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəsmiləri dünən Sulutəpə ərazisində tikilən qanunsuz tikililərin söküntüsü zamanı baş verən hadisə ilə bağlı mətbuat konfransı keçirib.

«APA-Economics»in məlumatına görə, tədbirdə şirkətin Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirib ki, 2000-ci ildən başlayaraq ARDNŞ-ın ərazilərində qanunsuz evlərin tikilməsi kütləvi hal alıb. Bu da neft-qaz hasilatının artmasına, həmçinin hasilatın pay bölgüsü üzrə sazişin öhdəliklərinə problem yaradır. Hazırda ARDNŞ-ın ərazilərində, o cümlədən neft yataqlarının ərazilərində, boru mühafizə zolaqlarında tikilən 30 minə yaxın qanunsuz tikili var. Bu ərazilərdən biri də Sulutəpə yatağının III və IV mədən əraziləridir ki, burada xeyli sayda qanunsuz tikili mövcuddur.

E. Orucovun sözlərinə görə, ARDNŞ qanunsuz tikililərlə bağlı mübarizəyə 2007-ci ildən başlayıb. Həmçinin bununla bağlı neft şirkətinin tərkibində Təhlükəsizlik İdarəsi də yaradılıb. Lakin şirkətin təhlükəsizlik əməkdaşlarının sayı neft-qaz yataqlarının ərazilərini daimi qorumağa və mühafizə etməyə imkan vermir.

E. Orucov bildirib ki, bu il ərzində qanunsuz evlərin sökülməsi iddiası ilə Binəqədi rayonu üzrə 7 minə yaxın iş məhkəmələrə təqdim ediləcək. Ümumilikdə isə qanunsuz evlərlə bağlı 22 mindən çox iddia ərizələri hazırlanıb.

Daha sonra E. Orucov jurnalistlərin suallarını cavablandırıb. “Qanunsuz evlərin neft şirkətinin Təhlükəsizlik İdarəsinin işçiləri tərəfindən sökülməsi nə dərədəcə düzgündür” sualına belə cavab verib: «Qanunsuz evdə daimi yaşayış olduğu halda, məhkəmənin qərarının icrasını məhkəmə icraçıları həyata keçirir. Bizim sökdüyümüz və tikilməsinin qarşısını aldığımız evlər isə ümumiyyətlə, yaşayış olmayan yarımçıq tikililərdir. Qanunsuz yarımçıq tikililərin dayandırılması işini birbaşa şirkətin Təhlükəsizlik İdarəsinin əməkdaşları həyata keçirir».

E. Orucov həmçinin şirkətin ərazisində tikilən qanunsuz evlərdə yaşayan vətəndaşlara görə baş verə biləcək bədbəxt hadisə zamanı riskləri şirkətin öz üzərinə götürməyəcəyini bildirib: “ARDNŞ tərəfindən qanunsuz evlərin sökülməsi ilə bağlı məhkəmələrə olan müraciətlər elə bu cür risklərdən yayınmaq deməkdir”.

ARDNŞ rəsmisi daha sonra aprelin 18-də Sulutəpə ərazisində qanunsuz evlərin söküntüsü zamanı “Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasovun döyülməsi məsələsinə də aydınlıq gətirib. O deyib ki, söküntü zamanı təxribat törədən şəxslərin içərisində İ. Abbasov da olub və söküntünün həyata keçirilməsinə mane olub. Artıq insidentin araşdırılması üçün ARDNŞ prezidenti Rövnəq Abdullayevin göstərişi ilə Mikayıl İsmayılovun başçılığı altında komissiya yaradılıb.

E. Orucov dünən sözügedən ərazidə baş verən toqquşma zamanı ARDNŞ-ın Təhlükəsizlik İdarəsinin 7 əməkdaşının və iki vətəndaşın xəsarət aldığını bildirib: “Biz daim Təhlükəsizlik İdarəsinin işçilərini təlimatlandırır, onlara öz vəzifə borcları haqqında məlumatları çatdırırıq. Hazırda jurnalistin döyülməsi faktı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bu araşdırmalar başa çatdıqdan sonra qanuna zidd hərəkətlər etmiş şəxslər kimliyindən asılı olmayaraq cəzalandırılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR