«AXA-Mbask» icbari avtomobil sığortası üzrə indiyədək 150 min manat sığorta ödənişi aparıb

«AXA-Mbask» icbari avtomobil sığortası üzrə indiyədək 150 min manat sığorta ödənişi aparıb
# 12 iyul 2012 09:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA-Mbask» sığorta şirkəti «Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə üç ödəniş həyata keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən sığorta növünə aid ödəmələr iyun ayının 25-də Bakı-Qazax yolunda baş vermiş yol qəzası ilə bağlı olub. Belə ki, «AXA-Mbask» tərəfindən 2 962 manat məbləğində sığorta ödənişləri zədələnmiş «Hyundai HD 72», 1 092 manat «Mercedes Benz 1117» yük və 945 manat «Mercedes Benz E 220» markalı avtomobillərin sahiblərinə təqdim olunub.

Qeyd edək ki, şirkət cari ilin əvvəlindən indiyədək icbari avtomobil sığortası üzrə 150 min manata yaxın sığorta ödənişi edib.

İcbari sığorta növləri şirkətin 5 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 70-dən artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərti ilə on-line rejimində buraxılır.

Xatırladaq ki, «AXA-Mbask» sığorta şirkəti 1992-ci ildə «MBASK» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb. 2010-cu ilin oktyabr ayında «Mbask» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə bir yerli fiziki şəxsə məxsusdur. Cari il iyulun 1-nə şirkətin nizamnamə kapitalı 6,731 mln. manat təşkil edib. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR