Dövlət xidmətinin rüşvətxorluqda təqsirləndirilən əməkdaşının məhkəməsi başlayıb

Dövlət xidmətinin rüşvətxorluqda təqsirləndirilən əməkdaşının məhkəməsi başlayıb
# 09 aprel 2013 12:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rüşvətxorluqda təqsirləndirilən əməkdaşı Vaqif Köçəri oğlu Abdullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə aprelin 15-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidməti V. Abdullayev həbs olunan zaman məlumat yayıb. Məlumata görə, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin əməkdaşının qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Müəyyən edilib ki, xidmətin Xəzər rayon idarəsinin sürücü-müfəttişi kimi rəsmiləşdirilib, faktiki olaraq Xəzər rayonunun Türkan qəsəbəsi üzrə həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların sənədlərinin qəbulunu və bununla bağlı vəzifəli şəxsin digər səlahiyyətlərini həyata keçirən Abdullayev Vaqif Köçəri oğlu Bakı şəhər sakininin yaxın qohumunun çəkisi və boyunun aşağı olmasına görə hərbi xidmətə yararsız olması ilə əlaqədar təkrar müayinədən keçirilməsi və dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq haqqında hərbi biletin verilməsi müqabilində sonuncudan 600 manat məbləğində rüşvət tələb edib.

İdarənin əməkdaşları tərəfindən 30 yanvar 2013-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Vaqif Abdullayev xidməti otağında həmin pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

V.Abdullayevin xidməti otağına keçirilmiş baxış zamanı rüşvət kimi aldığı 600 manat məbləğində pul, ayrı-ayrı vətəndaşların adına olan şəxsi işlər və şikayətçinin qohumuna məxsus hərbi bilet maddi sübut kimi hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülüb.

Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb. Vaqif Abdullayev təqsirləndirilən şəxs qisimdə cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR