Yevlax və Bərdədə müharibə əlilləri və şəhid ailələrinə evlər paylanıb

Yevlax və Bərdədə müharibə əlilləri və şəhid ailələrinə evlər paylanıb
# 06 oktyabr 2015 11:57 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 11-i Yevlaxda, 5-i isə Bərdədə olmaqla, daha 16 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla da son iki gündə inşası başa çatan 40 fərdi ev qeyd olunan kateqoriyalardan olan şəxslərin istifadəsinə verilib.

Evlərin təqdim olunması tədbirlərində ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov və Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, əlil ictimai birliklərinin və həmin rayonların yerli ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirlərdə prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində respublikamızda əldə olunan makroiqtisadi sabitlik və inkişaf dinamikasından bəhs olunub. Bildirilib ki, iqtisadi böhran səbəbindən hətta inkişaf etmiş ölkələrdə bir çox sosial proqramlar təxirə salındığı halda, Azərbaycan iqtidarının sosialyönümlü siyasətinin bariz təzahürü kimi, ölkəmizdə bütün sosial proqramlar uğurla davam etdirilir. Təsadüfi deyil ki, dövlət başçısı respublika hökumətinin cari ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunlarına dair iclasda "Heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik", - deyə vurğulayıb.

Azərbaycanda sosial proqramlardan biri olaraq, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri də uğurla davam etdirilir. Bu ilin iyun ayında Tərtər rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilib, hazırda İmişli, Beyləqan, Şamaxı və Bakı şəhərlərində ümumilikdə 238 mənzili olan çoxmərtəbəli 4 yaşayış binası inşa etdirilir. 52 rayonda isə 375 fərdi evin tikintisi işləri aparılıb və onlardan inşası yekunlaşan evlər istifadəyə verilir. Həmçinin hazır binalardan müharibə əlilləri və şəhid ailələri üçün mənzillərin alınması işləri görülür ki, onlar təmir edildikdən sonra istifadəyə veriləcək.

Tədbirdə qeyd olunan şəxslərin sosial təminatının gücləndirilməsi üçün digər sahələrdə həyata keçirilən tədbirlərdən də bəhs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR