“Azərbaycanın dostları” qrupu Avropa Parlamentində AB-Azərbaycan enerji tərəfdaşlığını müzakirə edib

“Azərbaycanın dostları” qrupu Avropa Parlamentində AB-Azərbaycan enerji tərəfdaşlığını müzakirə edib
# 02 fevral 2013 12:07 (UTC +04:00)

Bakı-APA. Avropa-Azərbaycan Cəmiyyəti (AAC) Latviya parlamentinin üzvü İnese Vaidere ilə birgə Brüsseldə Avropa Parlamentində “Avropa 2020: Azərbaycanla enerji tərəfdaşlığı diqqət mərkəzində” adlı toplantı təşkil edib. AAC-dan APA-ya verilən məlumata görə, partiyalar arası debatlarda, konfransda Avropa Xalq Partiyasının, Sosialistlər partiyasının, Avropa Liberallar və Demokratlar Alyansı və Yaşıllar partiyasının üzvləri iştirak ediblər.

Məruzəçilər parlament üzvləri və digər nüfuzlu şəxslər, o cümlədən Azərbaycanın Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və Avropa Komissiyasında Enerji üzrə baş direktor, təbii qaz siyasəti üzrə məsləhətçi Brendan Devlin olublar.

İclas zamanı Cənubi Qafqaz enerji sektorunda son irəliləyişlər müzakirə olunub və Avropa Parlamenti siyasətçiləri arasında konstruktiv dialoq aparılıb. İştirakçılar enerji sektorunda Avropa-Azərbaycan əməkdaşlığının inkişafını və 2020-ci ilə qədər daha geniş əməkdaşlıq imkanlarını müzakirə ediblər.

AAC-ın Belçika Ofisinin sədri Roman Huna bildirib ki, təşkilat Cənubi Qafqazla bağlı məlumat üzrə etibarlı platformadır: “Buna görə də, biz Brüsseldə Avropa institutlarında aparıcı nüfuzlu şəxsləri Avropanın strateji tərəfdaşlarından biri olan Azərbaycanla bağlı ilk və etibarlı məlumatlarla təmin etmək üçün fikri mübadiləsi aparılmasını dəstəkləyirik”.

Parlamentin üzvü İnese Vaidere isə bildirib ki, enerji ilə bağlı məsələlər Avropa Birliyi üçün son dərəcə əhəmiyyətli olub: “Əgər biz gələcək enerji təchizatını təmin etmək istəyiriksə, indidən işə başlamalıyıq. Bizim bu gün müzakirə etdiklərimiz, 2020-ci ilə qədər Avropa enerji müstəqilliyinə nail olmaq niyyətimizlə uyğun gəlir“.

Toplantıda Avropa Komissiyasını təmsil edən Brendan Devlin Avropanın Azərbaycanla mövcud enerji tərəfdaşlığı barədə məlumat verib. O Azərbaycanın Avropada investor kimi əhəmiyyətli rolunu qeyd edib: “Biz Azərbaycanın yeniliklər etmək bacarığını alqışlayırıq”.

Rusiya ilə Ukrayna arasında “qaz qalmaqalı”ndən bəri, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rollardan birini oynamağa başlayıb. Azərbaycanın Avropa Birliyi yanında Nümayəndəliyinin rəhbəri, səfir Fuad İsgəndərov bu faktı bir daha qeyd edib: “Azərbaycan Avropanın təhlükəsizliyinə töhfə vermək məqsədilə onunla işləməyə hazır olduğunu həmişə bəyan edib”.

Avropa Parlamentinin bir sıra aparıcı üzvlərini bir araya gətirən toplantı fikirlərin səmimi və konstruktiv mübadiləsinə yardımçı olub. Parlamentin üzvü və Litvanın sabiq prezidenti Vitautas Landsbergis Cənubi Qafqaz ölkələri ilə enerji sektorunda əməkdaşlığın Dağlıq Qarabağ və digər 7 ətraf rayonun işğal olunması nəticəsində meydana çıxmış Azərbaycan-Ermənistan konflikti də daxil olmaqla, digər konfliktlərin də həll edilməsinə kömək göstərəcəyini qeyd edərək belə müzakirələrin vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR