Hicran Hüseynova: “Bəzi rayonlarda qadınlar nə özləri oxuyur, nə də övladlarını oxumağa qoyurlar”

Hicran Hüseynova: “Bəzi rayonlarda qadınlar nə özləri oxuyur, nə də övladlarını oxumağa qoyurlar”
# 26 dekabr 2013 10:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanın bəzi rayonlarında qadınlar nə özləri oxuyur, nə də övladlarını oxumağa qoyurlar. Bu da çox böyük problemdir. Nəticədə 10 ildən sonra Azərbaycanda böyük boşluq əmələ gələcək”.

APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 2013-cü il üçün yekun kollegiya iclasında çıxışı zamanı deyib. O bildirib ki, bəzi rayonlarda qadınlar yazmağı, oxumağı bacarmır, bəziləri hətta öz adlarını belə yaza bilmir.

Onun sözlərinə görə, mühüm problemin həlli istiqamətində Təhsil Nazirliyi ilə birgə tədbirlər görülməli, onlar üçün maarifləndirici tədbir və treninqlər keçirilməlidir.

Komitə sədri ölkədə sahibkarlığın inkişafı və burada qadınların iştirakının çox vacib bir məsələ olduğunu vurğulayıb: “Bir çox rayonlarda güclü sahibkar qadınlarımız var. Onlardan istifadə edərək digər qadınları da sahibkarlığa cəlb etmək lazımdır. Lakin bu gün təsərrüfatla məşğul olmaq istəyən qadınlarımız çox azdır. Əslində kənd yerində hər bir qadın təsərrüfat işləri ilə məşğul olaraq ailəsini dolandıra bilər. Rayonlarda isə 30-35 yaşında qadınlara işləməyi təklif etdikdə, xəstə olduqlarını bəhanə gətirirlər. Nə oldu hamı birdən xəstə oldu? İnsanların düşüncəsində belə bir fikir formalaşıb ki, dövlət mənə borcludur. Amma heç bir dünya ölkəsində bu cür düşüncə tərzi yoxdur. Ən böyük problem bundadır ki, bəzi rayonlarda qadınlar nə özləri oxuyur, nə də övladlarını oxumağa qoyurlar. 10 ildən sonra Azərbaycanda bu sahə ilə bağlı böyük boşluq əmələ gələcək. Ona görə ki, oxumayan qadınlar övladlarını da oxumağa qoymurlar. Qadınların fəallığından danışarkən onların təhsilinə və sağlamlığına ilk növbədə fikir verməliyik. Yalnız o zaman qadınların çox böyük nailiyyətləri olacaq. Hər rayonda müəyyən sayda qadın sahibkar olmalıdır. O zaman hansısa fəaliyyət nəticəsində nailiyyətlərin şahidi ola bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR