“ABB-Moskva”nın xalis mənfəəti kəskin artıb

“ABB-Moskva”nın xalis mənfəəti kəskin artıb
# 30 may 2014 13:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin birinci rübündə “Azərbaycan Beynəlxalq Bankı”nın Rusiyadakı törəmə bankı olan “ABB-Moskva” bütün mühüm göstəricilər üzrə keyfiyyətli artım nümayiş etdirib.

“ABB-Moskva”dan “APA-Economics”ə verilən məlumata görə, bu ilin birinci rübündə bankın xalis mənfəəti 105,2 mln. rubl olub. Bu, 2013-cü ilin ilk rübü ilə müqayisədə rekord həddə - 475% və ya 18,3 mln. rubl çoxdur.

Bankın nizamnamə kapitalı bu ilin aprelin 1-nə 3 240,3 mln. rubla çatıb ki, bu da 2013-cü ilin analoji dövrü (2 470,5 mln. rubl) ilə müqayisədə 31% çoxdur.

Bu ilk rübünün nəticələrinə görə, bankın passivlərinin həcmi strukturunda da dəyişikliklər qeydə alınıb. Belə ki, bu ilin aprelin 1-nə bankın öhdəlikləri 32 295 mln. rubl (2013-cü ilin ilk rübündə bu rəqəm 25 158 mln. rubl olub) təşkil edib. Bankın fiziki şəxslərinin depozit portfeli bir il ərzində 5 280,4 mln. rubldan 8 728,6 mln rubla və ya 65% artıb.

Bununla bərabər, bu ilin ilk rübündə bankın aktivlərinin həcmi 6 599 mln. rubl artaraq 34 735 mln. rubla çatıb. Bu da ötən ilin eyni dövrünün 28 136 mln. rubl göstəricisindən 23% çoxdur.

Bu ilin 1 aprel tarixinə bankın kredit portfeli 23 637 mln. rubl olub. 2013-cü ilin ilk rübü ilə müqayisədə bankın kredit portfeli 2 125 mln. rubl və ya 10% artıb. Bununla bərabər fiziki şəxslərin kredit portfelinin artımı da qeydə alınıb. Bu göstərici 906 mln. rubl və ya 36% artaraq 3 401 mln. rubla çatıb. Hüquqi şəxslərin kredit portfeli də 7% artaraq 2013-cü ilin analoji dövrünün – 18 261 mln. rubl göstəricisi ilə müqayisədə 19 465 mln. rubl təşkil edib.

Bu ilin aprelin 1-nə bankın 47 223 ədəd Visa” və “Master” plastik kartları buraxılıb ki, 2013-cü ilin analoji dövründə bu rəqəm 39 917 ədəd təşkil edib. Hazırda bankın 75 bankomatı (2013-cü ilin 1 aprel tarixinə onların sayı 67 olub) və 201 POS-terminalı (ötən ilin eyni dövründə bu rəqəm 113 olub) mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR